"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 4 dəfə artıb

Maliyyə
  • 09 avqust, 2022
  • 07:48
PAŞA Bankın Türkiyədəki törəməsinin xalis mənfəəti 4 dəfə artıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 104,276 milyon lirə (10,428 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 171,965 milyon lirə (17,197 milyon manat, 1 il əvvələ nisbətən 86,5 % çox), faiz xərcləri 92,426 milyon lirə (9,243 milyon manat, 2,1 dəfə çox), haqq və komissiya gəlirləri 25,412 milyon lirə (2,541 milyon manat, 7,6 dəfə çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 23,82 milyon lirə (2,382 milyon manat, 3,4 dəfə çox), inzibati xərcləri 19,185 milyon lirə (1,919 milyon manat, 53,7 % çox), digər gəlirləri 46,334 milyon lirə (4,633 milyon manat, 4,8 dəfə çox), digər xərcləri 16,931 milyon lirə (1,693 milyon manat, 59,6% çox), xüsusi ehtiyatlara ayırmaları 4,846 milyon lirə (485 min manat, 56,9 % az), mənfəət vergisi ödəmələri isə 29,867 milyon lirə (2,987 milyon manat, 3,8 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 4 803,204 milyon lirə (480,32 milyon manat) olub ki, bu da illik müqayisədə 83,5 % çoxdur. Bunun 2 792,768 milyon lirəsi (279,277 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 61,8 % böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 2 dəfə artaraq 4 090,19 milyon lirəyə (409,019 milyon manat), balans kapitalı isə 21,1 % artaraq 713,014 milyon lirəyə (71,301 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (100 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,1 manat