"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 3 dəfəyə yaxın artıb
- 23 fevral, 2024
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2023-cü ili 525,002 milyon lirə (26,25 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,6 dəfə çoxdur.
Ötən il "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 330,921 milyon lirə (16,546 milyon manat, əvvəlki ilə nisbətən 24,4 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti 194,081 milyon lirə (9,704 milyon manat, 3,1 dəfə çox, əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 9 milyard 910,172 milyon lirə (495,509 milyon manat) olub ki, bu da illik müqayisədə 61 % çoxdur. Bunun 4 milyard 518,167 milyon lirəsi (225,908 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,7 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 60,7 % artaraq 8 milyard 581,968 milyon lirəyə (429,098 milyon manat), balans kapitalı isə 62,8 % artaraq 1 328,204 milyon lirəyə (66,41 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,05 manat