"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 12 %-ə yaxın azalıb

Maliyyə
  • 18 fevral, 2025
  • 11:53
PAŞA Bankın Türkiyədəki törəməsinin xalis mənfəəti 12 %-ə yaxın azalıb

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 2024-cü ili 462,873 milyon lirə (23,144 milyon manat) xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,8 % azdır.

Ötən il "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 491,683 milyon lirə (24,584 milyon manat, əvvəlki ilə nisbətən 48,6 % çox), mənfəət vergisi ödəmələri isə 28,81 milyon lirə (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 12 milyard 913,309 milyon lirə (645,665 milyon manat) olub ki, bu da illik müqayisədə 30,3 % çoxdur. Bunun 5 milyard 807,355 milyon lirəsi (290,368 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,5 % böyüyüb.

Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 29,8 % artaraq 11 milyard 138,035 milyon lirəyə (556,902 milyon manat), balans kapitalı isə 33,7 % artaraq 1 milyard 775,274 milyon lirəyə (88,764 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.

1 lirə = 0,05 manat

44 filmi