“PAŞA Bank”ın Türkiyədəki törəməsinin aktivləri 58% artıb

Maliyyə
  • 17 fevral, 2017
  • 07:22
“PAŞA Bank”ın Türkiyədəki törəməsinin aktivləri 58% artıb

Bakı. 17 fevral. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası"nın məcmu aktivləri 2017-ci il yanvarın 1-nə 510,357 mln. lirə (241,3 mln. manat) təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 58,3% çoxdur.

“PAŞA Yatırım Bankası”nın aktivlərinin 79,1%-ni və yaxud 403,87 mln. lirəsini (190,95 mln. manat) müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 63,35% böyuyüb.

Bu ilin əvvəlinə “PAŞA Bank Yatırım”ın aldığı kreditlərin məbləği isə 191,897 mln. lirə (90,7 mln. manat) olub. Bu isə ötən ilin əvvəlinə nisbətən 2,7 dəfə çoxdur.

Hesabat ilində Bankın nizamnamə kapitalı sabit – 255 mln. lirə (120,6 mln. manat) qalsa da, cəmi kapitalı 6,1% artaraq 244,658 mln. lirəyə (115,7 mln. manat) çatıb.

“PAŞA Bank Yatırım” ötən ili 14,005 mln. lirə (6,6 mln. manat) xalis mənfəətlə başa vurub və bu, illik müqayisədə 59,4% çoxdur.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.