"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
- 05 noyabr, 2025
- 15:10
"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin yanvar-sentyabr aylarını 443,175 milyon lirə (17,727 milyon manat) xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.
9 ay ərzində "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 397,28 milyon lirə (15,891 milyon manat, 1 il əvvələ nisbətən 1,2 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 45,895 milyon lirə (1,836 milyon manat; 1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.
Bu il oktyabrın 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 14 milyard 227,481 milyon lirə (569,099 milyon manat) olub ki, bu da illik müqayisədə 29,7 % çoxdur. Bunun 6 milyard 699,321 milyon lirəsi (267,973 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,3 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 29,8 % artaraq 12 milyard 32,352 milyon lirəyə (481,294 milyon manat), balans kapitalı isə 29,3 % artaraq 2 milyard 195,129 milyon lirəyə (87,805 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,04 manat