“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin zərəri 26% artıb

Maliyyə
  • 29 oktyabr, 2022
  • 10:31
“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin zərəri 26% artıb

“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi (“PAŞA Bank Gürcüstan”) bu ilin yanvar-sentyabr aylarını 3,566 milyon lari (2,175 milyon manat) zərərlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,3% çoxdur.

9 ay ərzində “PAŞA Bank Gürcüstan”ın əməliyyat gəlirləri 37,433 milyon lari (22,834 milyon manat, illik müqayisədə 38,25% çox), əməliyyat xərcləri 38,689 milyon lari (23,6 milyon manat, 19,9% çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,31 milyon lari (1,409 milyon manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 513,144 milyon lari (313,018 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 14,5% çoxdur. Bunun 331,356 milyon larisi (202,127 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,55% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank Gürcüstan”ın öhdəlikləri 12,2% artaraq 420,846 milyon lariyə (256,716 milyon manat), o cümlədən depozit portfeli 8,1% artaraq 231,788 milyon lariyə (141,391 milyon manat), balans kapitalı isə 26,1% artaraq 92,298 milyon lariyə (56,302 milyon manat), o cümlədən nizamnamə kapitalı 25,2% artaraq 129 milyon lariyə (78,7 milyon manat) çatıb.

1 lari = 0,61 manat

44 - Tezliklə