"PAŞA Bank"ın Gürcüstandakı törəməsi I yarımili mənfəətlə başa vurub
- 19 avqust, 2024
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 3,151 milyon lari (1,985 milyon manat) mənfəətlə başa vurub. Halbuki, bank ötən ilni eyni dövründən 1,269 milyon lari (799 min manat) zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 620,204 milyon lari (390,729 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 22,5 % çoxdur. Bunun 334,859 milyon larisi (210,961 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,8 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 24,7 % artaraq 504,74 milyon lariyə (317,986 milyon manat), o cümlədən depozit portfeli 26,7 % artaraq 441,426 milyon lariyə (278,098 milyon manat), balans kapitalı isə 13,7 % artaraq 115,463 milyon lariyə (72,742 milyon manat), o cümlədən nizamnamə kapitalı 6 % artaraq 136,8 milyon lariyə (86,184 milyon manat) çatıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
1 lari = 0,63 manat