"PAŞA Bank"ın depozit portfeli 2 % azalıb

Maliyyə
  • 17 aprel, 2024
  • 06:04
PAŞA Bankın depozit portfeli 2 % azalıb

“PAŞA Bank” ASC bu ilin I rübünü 51,123 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 21,1 % çoxdur.

Yanvar-mart aylarında “PAŞA Bank”ın gəlirləri 196,102 milyon manat (illik müqayisədə 50,3 % çox), xərcləri 128,066 milyon manat (96,8 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 2,914 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 19,827 milyon manat (57,7 % çox) təşkil edib.

Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 747,364 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6 % çoxdur. Bunun 2 milyard 965,787 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,4 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 1,4 % azalaraq 7 milyard 864,912 milyon manata, o cümlədən depozit portfeli 2,1 % azalaraq 6 milyard 958,965 milyon manata düşüb, balans kapitalı isə 22,5 % artaraq 882,452 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.