“PAŞA Bank-Gürcüstan”ın xalis mənfəəti 37% azalıb
- 23 oktyabr, 2017
- 05:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 oktyabr. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin (“PAŞA Bank-Gürcüstan”) cəmi aktivləri bu il oktyabrın 1-nə 250,923 mln. lari (172,158 mln. manat) təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 9,6% azdır.
“PAŞA Bank-Gürcüstan”ın aktivlərinin 109,351 mln. larisini (75,026 mln. manatını) müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 23,1% böyüyüb.
Son 1 ildə “PAŞA Bank-Gürcüstan”ın cəmi öhdəlikləri 17,9% azalaraq 145,591 mln. lariyə (99,89 mln. manata) düşüb, o cümlədən depozit portfeli 14% artaraq 46,725 mln. lariyə (32,058 mln. manata) çatıb.
Hesabat dövründə Bankın cəmi kapitalı isə 4,9% artaraq 105,332 mln. lari (72,268 mln. manat) təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında “PAŞA Bank-Gürcüstan”ın faiz gəlirləri 14,253 mln. lari (1 il əvvələ nisbətən 9,779 mln. manat), faiz xərcləri 3,085 mln. lari (2,117 mln. manat), qeyri-faiz gəlirləri 1,455 mln. lari (998 min manat), qeyri-faiz xərcləri isə 8,023 mln. lari (5,505 mln. manat) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 4,602 mln. lari (3,157 mln. manat) olub ki, bu da illik müqayisədə 0,3% azdır.
“PAŞA Bank-Gürcüstan” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 475 min lari (326 min manat) ayırıb və bu ilin ilk 9 ayını 4,126 mln. lari (2,831 mln. manat) xalis mənfəətlə başa vurub. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 37,1% azdır.