Özbəkistan rəsmisi: "Təbii fəlakətlərdən sığortalanma üzrə milli strategiya hazırlayırıq"
- 28 oktyabr, 2025
- 11:33
Özbəkistan Dünya Bankı ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə əsasında təbii fəlakətlərdən sığortalanma üzrə milli strategiya hazırlayır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın Perspektiv Layihələr üzrə Milli Agentliyinin Sığorta sənayesində bazar iştirakçılarının fəaliyyətinin lisenziyalaşdırılması şöbəsinin müdiri Uluqbek Xasanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.
"Ölkəmizdə 35 sığorta təşkilatı var ki, onlardan 28-i qeyri-həyat sığortası, 6-sı həyat sığortası, 1-i təkrarsığorta üzrə ixtisaslaşıb. Bundan başqa, 12 sığorta brokeri, 7 aktuari və 3 000-dən çox sığorta agenti, Zəmanətli Sığorta Ödənişləri Fondu fəaliyyət göstərir. Bu ilin I yarısının yekunlarına əsasən, Özbəkistanın sığorta bazarı sabit artım tempini qoruyub saxlayıb, sığorta haqlarının ümumi məbləği 500 milyon ABŞ dollarına çatıb ki, bu da 146 % artım deməkdir. Sığorta ödənişləri 100 milyon ABŞ dollarına yüksəlib və 119 % artım göstərib. Daimi sığorta müqavilələrinin sayı 12 milyon ədədə çatmış, ümumi investisiyalar isə 700 milyon ABŞ dollarına qədər artıb ki, bu da 140 %-lik artım deməkdir".
Qonaq qeyd edib ki, xüsusi diqqət təkrarsığorta fəaliyyətinin inkişafına yönəldilir, çünki bu sahə maliyyə dayanıqlığının və risklərin strateji qorunmasının əsas alətlərindən birinə çevriməkdədir: "Bu ilin may ayında Özbəkistan Prezidentinin fərmanı ilə ilk milli təkrarsığorta şirkəti təsis edilib. Onun yaradılması daxili sığorta tutumunun və maliyyə potensialının gücləndirilməsi istiqamətində mühüm addımdır. Xaricə yönəldilən təkrarsığorta əməliyyatlarının əsas hissəsi Rusiya, Çin, Böyük Britaniya və Küveyt kimi ölkələr üzrə diversifikasiya olunmuş şəkildə paylanır. Bazarın ümumi artımı innovativ sığorta həllərinin tətbiqi, dövlət tənzimlənməsinin gücləndirilməsi, eləcə də rəqəmsal texnologiyaların və onlayn sığortanın inkişafı ilə izah olunur".
"Sığorta bazarının rəqəmsallaşdırılması, şəffaflığın və effektivliyin artırılması çərçivəsində yeni rəqəmsal həllər tətbiq edilir. Bu həllər sığorta müqavilələrinin qeydiyyatını, sığorta proseslərini və elektron formada ödənişlərin verilməsini Agentliyin vahid avtomatlaşdırılmış sistemləri vasitəsilə təmin edir. Qlobal "Sığorta və risklərin maliyyələşdirilməsi mexanizmlərinin inkişafı" layihəsi çərçivəsində sığorta bazarının və risk maliyyələşdirilməsinin transformasiyasına yönəlmiş tədbirlər görülür. Agentliyin mərhələli şəkildə riskə əsaslanan "Solvency II" yanaşması milli sığorta bazarında tətbiq olunur. Bu yanaşma risklərin daha səmərəli idarə edilməsinə, sığorta bazarının sabitliyinin və potensial təhdidlərə qarşı dayanıqlığının gücləndirilməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, son illərdə dövlət sığorta bazarının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirir. Agentlik isə effektiv və balanslaşdırılmış hüquqi mühitin formalaşdırılmasına yönəlmiş normativ-hüquqi aktların işlənib hazırlanması və tətbiqi istiqamətində növbəti addımlar atmaqdadır".