Nurullah Bakır: "Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla güclənəcək"

Maliyyə
  • 09 iyun, 2026
  • 10:26
Nurullah Bakır: Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla güclənəcək

Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla daha da güclənəcək.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır bildirib.

Onun sözlərinə görə, türk dövlətləri gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatları və güclü bank sektoru ilə qlobal maliyyə sistemində böyük potensiala malikdir: "Birgə layihələr, əməkdaşlıq və koordinasiyalı fəaliyyətlər bu potensialı daha da gücləndirir və gələcəkdə onun tam reallaşmasına töhfə verəcək. Qarşıda görüləcək işlər və keçiləcək uzun yol var. Türkiyənin bu sahədə formalaşmış zəngin bilik bazasını, təcrübəsini və texnoloji imkanlarını dost və qardaş ölkələrlə bölüşməyə hər zaman hazır olduğunu müxtəlif platformalarda vurğulayırıq".

Qonaq qeyd edib ki, Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurası regionun maliyyə gələcəyinin formalaşdırılmasında mühüm missiya daşıyır: "Şura həm ölkələrimiz, həm də assosiasiyalarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, eyni zamanda iqtisadiyyatlarımızın qlobal maliyyə sistemindəki rolunu artıran vacib platforma kimi çıxış edir".