Növbəti həftənin sonunadək standart müqavilələr üzərində rəylər və düzəlişlər ediləcək
- 24 iyul, 2018
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında Hüquqi məsələlər üzrə Ekspert Qrupunun nəzdində yaradılmış, bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası ilə bağlı İşçi Qrupunun iclası keçirilib.
"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, iclasda müqavilələrin unifikasiyasının modelinin müəyyənləşməsi, müqavilədə ümumi qayda və şərtləri, həmçinin müqavilənin strukturu müzakirə edilib.
İclasın sonunda qərara alınıb ki, 15 avqustadək müqavilənin ilkin versiyası hazırlanaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) və Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) təqdim olunsun, növbəti həftənin sonunadək standart müqavilələr üzərində rəylər və düzəlişlər edilsin.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.