Norio Saito: Asiyada kirayə mənzillərin inkişafı özəl investisiyaları cəlb edəcək

Maliyyə
  • 20 may, 2026
  • 15:26
Norio Saito: Asiyada kirayə mənzillərin inkişafı özəl investisiyaları cəlb edəcək

Asiya İnkişaf Bankı (ADB) Asiya ölkələrinin mənzil sektoruna özəl investisiyaların fəal şəkildə cəlb edilməsinin tərəfdarıdır.

"Report" xəbər verir ki, bunu ADB-in Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" mövzusunda investorların dəyirmi masasında bildirib.

"Mənzil sektorunda dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən daha geniş istifadə etməyə çağırıram", - N.Saito bildirib.

ADB nümayəndəsi həmçinin qeyd edib ki, Asiya şəhərlərində mənzil problemlərinin həlli prosesində siyasəti mənzil mülkiyyəti modelindən kirayə mənzil seqmentinin inkişafına doğru yenidən istiqamətləndirmək lazımdır.

N.Saito vurğulayıb ki, məhz bu cür yanaşma bu sahəyə özəl investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmağa və aşağı gəlirli şəhər sakinləri üçün əlçatan mənzillərə daha geniş çıxışı təmin etməyə imkan verəcək.