Nigeriyada mənzil çatışmazlığı 28 milyona çatıb, ipoteka dərəcələri isə illik 32 %-ə qədərdir

Maliyyə
  • 22 may, 2026
  • 11:07
Nigeriyada mənzil çatışmazlığı 28 milyona çatıb, ipoteka dərəcələri isə illik 32 %-ə qədərdir

Nigeriya dünyadakı ən genişmiqyaslı mənzil böhranlarından birini yaşayır, bu ölkədə mənzil qıtlığı 28 milyon təşkil edir.

"Report" xəbər verir ki, bu barədə "Family Homes Funds Limited"in baş direktorunun texniki məsləhətçisi Ahmed Baba Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan "Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatı" adlı panel sessiyasında bildirib.

A.Babanın sözlərinə görə, bu problemin miqyasını qiymətləndirmək həddindən artıq çətindir. "Əgər bu rəqəmləri insanların sayına çevirsək, söhbət layiqli mənzildən məhrum edilmiş yüz milyondan çox insandan gedir - bu rəqəm Cənubi Afrika və Qananın birlikdə götürülmüş ümumi əhalisinin sayı ilə müqayisə edilə bilər. İpoteka sektorunun son dərəcə zəif inkişaf etməsi vəziyyəti daha da ağırlaşdırır: onun ölkənin ümumi daxili məhsulundakı payı 1 %-i aşmır, mənzil kreditləri üzrə faiz dərəcələri isə illik 20-32 % arasında dəyişir, bu da faktiki olaraq nigeriyalıların böyük əksəriyyətini mənzil əldə etmək imkanından məhrum edir", - müşavir vurğulayıb.

UN-Habitat-ın 2026-cı il üzrə məlumatlarına görə, dünyada təxminən 3,4 milyard insan yararsız mənzil şəraitində yaşamağa məcburdur, eyni zamanda, onların 70 %-dən çoxu qlobal cənub dövlətlərinin payına düşür, özü də əsas hissəsi Afrika qitəsində cəmləşib.

"Nigeriya bu qlobal tendensiyanın ən parlaq nümunələrindən biridir", - A.Baba əlavə edib.