Nazir: "Energetika və mədənçilik Azərbaycanın Pakistana sərmayə qoyduğu əsas sahələrdir" - MÜSAHİBƏ
- 16 dekabr, 2025
- 11:30
Dünya ticarət sisteminin transformasiyası və iqtisadi qarşılıqlı fəaliyyətin yeni dayanıqlı formatlarının axtarışı fonunda Qlobal Cənub ölkələri alternativ investisiya və ticarət marşrutları quraraq əməkdaşlığı gücləndirir. Bu baxımdan Azərbaycan və Pakistan arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən kənara çıxır və tədricən energetika, infrastruktur, rəqəmsal texnologiyalar və maliyyə alətləri kimi konkret iqtisadi məzmunla zənginləşir.
Pakistanın maliyyə və gəlirlər naziri Məhəmməd Auranqzeb "Report"a müsahibəsində Azərbaycanla investisiya əməkdaşlığının cari səviyyəsi, Azərbaycan investisiyalarının Pakistan iqtisadiyyatına cəlb edilməsi perspektivləri, enerji və mədən layihələrinin rolu, eləcə də ikitərəfli ticarətin inkişafında rəqəmsallaşma və maliyyə mexanizmlərinin strateji əhəmiyyəti haqqında danışıb.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Cənab nazir, Azərbaycanla Pakistan arasında investisiya və iqtisadi əməkdaşlığın cari səviyyəsini necə qiymətləndirirsiniz və hansı əsas sektorlarda birgə layihələr üçün böyük potensial mövcuddur?
- Mərkəzi Asiya ölkələri, eləcə də Azərbaycanla münasibətlərimiz həmişə möhkəm olub. Hazırkı administrasiyanın hakimiyyətə gəlməsindən sonra isə bu münasibətlər daha da inkişaf edərək yeni səviyyəyə yüksəlir. Baş nazirimiz (Şahbaz Şərif - red.) artıq dəfələrlə Azərbaycana səfər edib. Mən özüm də COP29 [BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 2024-cü ildə Bakıda keçirilib - red.] zamanı orada olmuşam. Bu gün "dövlət-dövlət" (G2G) səviyyəsində möhkəm münasibətlərin konkret iqtisadi nəticə verməli olduğu aydın şəkildə başa düşülür. Məhz bu səbəbdən ticarət və investisiya axınları getdikcə daha vacib rol oynayacaq.
İnvestisiyalara gəlincə, bildiyiniz kimi, Azərbaycan Pakistana təxminən 2 milyard ABŞ dolları investisiya qoymağa hazır olduğunu bəyan edib. Layihələrin böyük bir hissəsinin energetika, neft və qaz sektorlarında, həmçinin faydalı qazıntılar və mədən sənayesi və digər sahələri əhatə edəcəyi planlaşdırılır. Lakin indiki mərhələdə məhz bu iki sahə gələcək əməkdaşlığımızın əsas prioritetləridir.
- Qeyd etdiyiniz kimi, Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyata malik Pakistana təxminən 2 milyard ABŞ dolları məbləğində investisiya qoymaq imkanını nəzərdən keçirir. Bu potensial investisiya paketinin strukturu və danışıqların cari mərhələsi haqqında daha ətraflı məlumat verə bilərsinizmi?
- İndiki mərhələdə onu deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft kəmərinin tikintisi layihəsində investor qismində iştirak etməyi planlaşdırır. Danışıqlar hələ erkən mərhələdədir: müzakirələr davam edir və ümid edirik ki, məhz bu layihə son icra mərhələsinə çatan ilk layihələrdən biri olacaq.
- Azərbaycan həmçinin Pakistana əlavə 1 milyard ABŞ dolları məbləğində kredit ayırmağa hazır olduğunu bildirib. Bu addımı necə qiymətləndirirsiniz və Pakistan hansı maliyyələşdirmə modellərinə daha çox üstünlük verir – kreditləşməyə, yoxsa layihə maliyyələşdirilməsinə?
- Fikrimizcə, vəsaitlər müxtəlif formalarda təqdim oluna bilər. Vəsaitlər Mərkəzi Bank vasitəsilə də yerləşdirilə bilər, Pakistan bazarına daxil olan Azərbaycan investorlarının maliyyələşdirilməsi yolu ilə də ola bilər. Lakin biz bu cür resursları yardım kimi qiymətləndirmirik.
Məqsədimiz dayanıqlı əməkdaşlıqdır, buna görə də istənilən maliyyə axını birbaşa ticarət və investisiyalarla əlaqəli olmalıdır. Müvafiq olaraq, maliyyələşdirmə Azərbaycandan Pakistana ticarət və investisiya axınlarının sadələşdirilməsinə və strukturlaşdırılmasına kömək etməlidir.
- Pakistan Azərbaycanın rəqəmsal iqtisadiyyatında (texnologiya parkları, İT innovasiyaları, kibertəhlükəsizlik, fintex) iştirakda nə dərəcədə maraqlıdır?
- Azərbaycan texnologiyalara və süni intellektə əsaslanan xidmət mərkəzlərinin inkişafında əhəmiyyətli uğurlar əldə edib. Biz sizin ölkədən çox şey öyrənə və bu uğurlu təcrübəni Pakistanda tətbiq edə bilərik. Pakistanın özü ödəniş axınları, ödəniş infrastrukturu, dövlətlərarası hesablaşmalar və "dövlət-vətəndaş" (G2P) modeli üzrə ödənişlərlə bağlı "rəqəmsal Pakistan"ın formalaşdırılmasına doğru irəliləyir və bu kontekstdə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Bütövlükdə, bu, çox geniş bir sahədir.
Azərbaycan və digər ölkələrdən olan investorların mədən, neft və qaz sənayesi ilə yanaşı, Pakistanın rəqəmsal infrastrukturunun, o cümlədən "Web 3.0" və bütövlükdə süni intellekt sahələrinin inkişafında fəal iştirakına ümid edirik.
- Hansı yeni əməkdaşlıq istiqamətləri növbəti beş ildə ikitərəfli münasibətlər üçün strateji əhəmiyyət kəsb edə bilər? Birgə sənaye zonaları, nəqliyyat dəhlizləri və ya enerji klasterləri buraya aid edilə bilərmi?
- Bizim üçün Azərbaycanın bu istiqamətdə irəliləməsi önəmlidir və onunla münasibətlərimiz daha da möhkəmlənəcək, çünki gördüyünüz kimi, qlobal ticarət sistemində gərginlik hökm sürür. Buna görə də "Cənub-Cənub" əməkdaşlığı, Pakistan, ümumilikdə Mərkəzi Asiya respublikaları və xüsusilə Azərbaycan arasında yeni dəhlizlər getdikcə daha vacib rol oynayacaq.
Ölkələrimiz arasında cari ticarət axınları həm Pakistandan Azərbaycana ixrac, həm də əks istiqamətdə idxal baxımından mövcud potensialı əks etdirmir. Dəyəri 50 milyon ABŞ dollarından az olan ticarət dövriyyəsi belə miqyasda iki ölkə üçün qənaətbəxş deyil. Buna görə də hesab edirəm ki, burada böyük potensial var və gələcəkdə ticarət axınlarının həcmini artırmaq məqsədilə hansı sahələrdən başlaya biləcəyimizi müəyyənləşdirmək üçün yaxın aylarda fəal işə başlayacağıq.
- Bəs Pakistan və Azərbaycan arasında birgə qrantlar, zəmanətlər, ixrac kreditlərinin sığortalanması və İslam maliyyə alətləri kimi maliyyə alətlərinin inkişafı nə dərəcədə vacibdir?
- Əminəm ki, bu istiqamət həlledici əhəmiyyətə malikdir. Maliyyələşdirmə öz-özlüyündə məqsəd deyil – bu, ticarət və investisiyalara dəstək üçün bir alətdir. Buna görə də istər Pakistanda Azərbaycan banklarının ofislərinin, istərsə də Azərbaycanda Pakistan banklarının nümayəndəliklərinin açılması olsun, maliyyə hesablaşmalarının sadələşdirilməsinə yönəlmiş istənilən tədbir bizim iddialı ticarət-investisiya gündəliyimizin dəstəklənməsi üçün vacib mexanizmlərə çevriləcək.