Naxçıvanda kredit qoyuluşu 28 %-dən çox artıb
- 13 yanvar, 2024
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il dekabrın 1-ə Naxçıvanda fəaliyyət göstərən banklar tərəfindən kredit qoyuluşu 393,107 milyon manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bu, 2022-ci il dekabrın 1-i ilə müqayisədə 28,3 % çoxdur.
Hesabat dövrünə regionda problemli kreditlərin həcmi 5,4 % azalaraq 8,63 milyon manata enib.
Kredit qoyuluşunun 293,112 milyon manatı və yaxud 74,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 15,6 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 84,878 milyon manat təşkil edib. Bu, illik müqayisədə 2 dəfə çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 13,6 %-dən 21,5 %-ə qalxıb.
2023-cü il dekabrın 1-ə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 15,117 milyon manat olub. Bu, illik müqayisədə 32,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,7 %-dən 3,8 %-ə çatıb.
Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC), 2 bank olmayan kredit təşkilatlarının filialları (“FİNKA Azərbaycan” MMC və “Aqrarkredit” QSC) və 1 kredit ittifaqı “Bərəkət Kredit İttifaqı” MMC fəaliyyət göstərir.