Naxçıvanda bank sektoru bölgədəki yeni reallıqlara cavab verirmi?

Maliyyə
  • 25 oktyabr, 2023
  • 06:24
Naxçıvanda bank sektoru bölgədəki yeni reallıqlara cavab verirmi?

Davamlı iqtisadiyyatın ən mühüm amillərindən biri etibarlı bank sisteminin mövcudluğudur. Bank sektoru olmadan iqtisadiyyatı təsəvvür etmək mümkünsüzdür. Bu səbəbdən yeniləşən iqtisadi mühitdə bankların fəaliyyəti də buna uyğun tənzimlənməli, inkişaf etdirilməlidir. Azərbaycanda da bank sektorunun inkişafına, təkmilləşdirilməsinə xüsusi önəm verilir və bu, regionlarda da geniş vüsət alıb.

“Report” Vətən müharibəsindən sonra yaranan yeni iqtisadi reallıqlar fonunda Naxçıvan Muxtar Respublikasında (MR) bank sektorunun mövcud vəziyyəti, görülən işləri, fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırır.

Naxçıvanda bank filiallarının açılması sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığını daha da asanlaşdırıb

Naxçıvan MR-da əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, iqtisadiyyatın bütün sektorlarında asan pul axınının təmini istiqamətində bank sektoruna əhəmiyyətli diqqət yetirilir.

Hazırda regionda Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsi, 1 kommersiya bankı, 18 bank filialı, 1 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı (BOKT) filialı, 1 kredit ittifaqı filialı fəaliyyət göstərir. Naxçıvanda kredit təşkilatları tərəfindən bir çox bank məhsul və xidmətləri təqdim edilir, bunlara hesablaşma və kassa, mobil və internet bankçılıq, SMS məlumatlandırma və 3D təhlükəsizlik xidmətləri, depozit, müxtəlif təyinatlı kredit məhsulları, lizinq əməliyyatları, müştəri ödənişlərinin idarəetmə sistemi, sürətli pul köçürmə sistemləri, xarici valyuta mübadiləsi, kommunal xidmət ödənişləri və ödəniş vasitələri daxildir.

Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Elçin Əliyev bildirib ki, bankların Naxçıvanda filiallarının açılması kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi mexanizmini və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığını daha da asanlaşdırıb: “Qarşıdakı illərdə yeni filialların açılması da nəzərdə tutulur. Bununla bağlı işlər aparılır”.

Hazırda regionda fəaliyyət göstərən banklarda müştərilərin 3023-ü hüquqi şəxs, 266 min 228-i fiziki şəxs olmaqla cəmi 269 min 251 bank hesabı (il ərzində 22,8 % artımla) mövcuddur. Xidmət göstərilən hesabların 183 min 592-si cari, 84 min 626-sı kredit, 1033-ü depozit hesablarıdır.

Yeni iqtisadi reallıqlar Naxçıvanda bank sektorunun əhəmiyyətini daha da artırıb

Muxtar respublikada fəaliyyət göstərən kredit təşkilatları tərəfindən bu ilin avqust ayı üçün region iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 385 milyon 677 min manat (il ərzində 28,6 % artıb), o cümlədən qısamüddətli kredit qoyuluşu 20 milyon 570 min manat (+48,5 %), uzunmüddətli kredit qoyuluşu isə 365 milyon 106 min manat (+27,6 %) təşkil edib. Kredit qoyuluşunun 80 milyon 701 min manatı dövlət bankları (+1,96 dəfə), 290 milyon 493 min manatı (+17,2 %) özəl banklar, 14 milyon 482 min manatı (+32 %) isə BOKT-lar hesabına olub.

Qeyd edilən dövrdə verilən kreditlərin 188 milyon 575 min manatı (+12,4 %) istehlak kreditləri, 55 milyon 392 min manatı (+2,7 dəfə) ticarət və xidmət, 73 milyon 053 min manatı (+1,4 dəfə) sənaye və istehsal, 25 milyon 727 min manatı (+4,6 %) kənd təsərrüfatı, 2 milyon 237 min manatı (+37 %) nəqliyyat və rabitə, qalanları isə digər sahələr üzrədir.

İdarə rəisi Elçin Əliyevin fikrincə, bütün sahələr üzrə kredit qoyuluşunun artımı MR-da əlverişli biznes mühitinin yaradıldığını deməyə əsas verir: "Digər əsas səbəb isə muxtar respublikanın Çindən Avropaya uzanan Orta Dəhliz üzərində yerləşməsidir ki, 44 günlük Vətən müharibəsindən sonra bu məsələ daha da aktuallaşıb və gözləntilərin yaranmasına səbəb olub. Gözləntilər imkan verir ki, sahibkarlar Naxçıvana gəlsinlər, burada fəaliyyəti göstərsinlər. Bu da artıq özünü rəqəmlərdə göstərir”.

AMB rəsmisinin daha bir müsbət dəyişikliyə diqqət yetirərək qeyd edib ki, bu ilin 8 ayında vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib, halbuki 2022-ci ilin eyni dövründə bu göstərici 3 % səviyyəsində olub.

2010-2023-cü illər ərzində Naxçıvan MR-da 1 284 nəfərə 55 milyon 827 min 200 manat həcmində ipoteka kreditləri verilib. Bunlardan 282 nəfəri güzəştli şərtlərlə 14 milyon 182,8 min manat, 1 002 nəfəri isə digər şərtlərlə 41 milyon 644,4 min manat ipoteka krediti götürüb. 2023-cü ilin yanvar-avqust aylarında isə 120 nəfər 6 milyon 793 min manat həcmində ipoteka krediti alıb ki, bunların 15-i güzəştli şərtlərlə 850 min 300 manat, 105-i isə digər şərtlərlə 5 milyon 942 min 700 manat həcmində ipoteka kreditinə sahib olub. Hazırda aktiv ipoteka kreditlərin həcmi 36 milyon 657 min manat (il ərzində 23,7 % artımla) təşkil edir.

Muxtar respublikada əmanətlərin qəbulunda milli valyutaya üstünlük verilir

Naxçıvan MR-da fəaliyyət göstərən banklar tərəfindən göstərilən məhsul və xidmətlərdən biri də hüquqi və fiziki şəxslərin sahib olduqları mövcud kapitalın daha da artırılması istiqamətində onlara göstərilən müddətli və müddətsiz əmanət (depozit) məhsullarıdır. 2023-cü ilin avqustun sonuna Naxçıvandakı fiziki və hüquqi şəxslərin banklarda mövcud olan əmanətlərinin həcmi 15 milyon 694 min manat (il ərzində 16,6 % artıb) təşkil edib ki, bunun da 14 milyon 833,6 min manatı (+17,8 %) milli valyutada, 860,5 min manatı (-1,28 %) isə xarici valyutadadır. Milli və xarici valyutada olan əmanətlərin həcmi ümumi depozitlərdə müvafiq olaraq 94,5 % və 5,5 % paya sahibdir.

AMB-nin yerli idarə rəisi bildirib ki, hazırda Naxçıvanda xarici valyutaya tələbat aşağıdır: “Xarici valyutada qoyulan əmanətlərdə də azalma müşahidə olunur. Bunun da səbəbi milli valyutaya inamın artmasıdır".

İdarə rəisi, həmçinin qeyd edib ki, hazırda Naxçıvanda valyuta mübadiləsi banklar və 1 özəl valyutadəyişmə məntəqəsi vasitəsilə aparılır: "Gələcəkdə muxtar respublikaya turist axınının artacağını nəzərə alaraq valyuta mübadiləsi məntəqələrinin sayının artırılması ilə bağlı müraciətlər var".

MR-də vətəndaşlar adına köçürülən pulların 77 %-dən çoxu xarici ölkələrdəndir

Regionda fəaliyyət göstərən banklarda mövcud olan bank xidmətlərindən biri də təcili pul köçürmə sistemləri vasitəsilə əhaliyə göstərilən sürətli bank transferləridir. 2023-cü ilin yanvar-avqust ayları ərzində pul köçürmələri vasitəsilə muxtar respublika vətəndaşlarının adına 7 milyon 817 min ABŞ dolları məbləğində pul köçürülüb. Bunun da 77,4 %-i, yəni 6 milyon 51,6 min ABŞ dolları xarici ölkələrdən, 22,6 %-i, yəni 1 milyon 765,6 min ABŞ dolları isə respublika daxilindən transfer olunub.

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə mal-material və avadanlıq alınması üçün köçürülmüş vəsaitlərin həcmi 69 milyon 96 min ABŞ dolları, 10 milyon 521 min avro, 1 milyon 411 min türk lirəsi və 17 milyon 37 min rus rublu təşkil edib.

Muxtar respublikada nağdsız dövriyyənin daha da artırılması ilə bağlı tədbirlər görülür

Elektron ödəniş üsulları ilə müqayisədə nağd pul daha çox ucuz ödəniş vasitəsi kimi görülsə də, mövzu ilə bağlı təhlillər göstərir ki, nağd puldan istifadə istehlakçılar, müəssisələr və təşkilatlar üçün müxtəlif, birbaşa və dolayı xərclərə malikdir. Nağd pulun həm çap, saxlama və köçürmə kimi öz məsrəfləri, həm də istifadəçilərinin resurslarının istehlakı ilə bağlı xərclər var. Bu xərclər xüsusilə bank hesabı olmayan və buna görə də maliyyə əməliyyatlarını başa çatdırmağa görə lazım olan pula çıxış üçün daha yüksək xərclərlə üzləşən aşağı gəlirli istehlakçı qrupu tərəfindən hiss olunur.

Muxtar respublikada da nağdsız dövriyyənin artırılması ilə bağlı tədbirlər görülür. Son 1 ildə muxtar respublikada nağdsız ödənişlərdə 3 dəfəyə qədər artım qeydə alınıb.

AMB-nin yerli idarəsinin rəisi Elçin Əliyev deyib ki, artımda əsas yeri onlayn alış-veriş tutub: “Artıma baxmayaraq, biz nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı işlər görürük. Bu istiqamətdə əhali ilə maarifləndirici görüşlər təşkil olunur, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə stimullaşdırıcı layihələr həyata keçirilir".

MR-da nağdsız dövriyyənin daha da artırılması ilə bağlı görülən tədbirlər barədə fikirlərini bölüşən E. Əliyev deyib: “Bu istiqamətdə əvvəllər də müxtəlif dövlət proqramları icra edilib və bu işlər davam etdirilir. POS-terminalların sayı artırılır (il ərzində 21,7 % artaraq 2 036 ədədə çatdırılıb). Kommersiya bankları ilə əldə etdiyimiz razılığa uyğun olaraq onlar müxtəlif obyektlərdə POS-terminallar yerləşdirir. POS-terminal olmayan obyektlərlə bağlı isə “kölgə iqtisadiyyatı” mövzusunda maarifləndirici, maliyyə savadlılığını artıran söhbətlər aparılır”.

Onun sözlərinə görə, nağdsız ödənişlərin inkişafı proqramına dair ilk dəfədir Naxçıvanda - pilot layihə çərçivəsində ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödənişin tətbiqinə start verilib edilir. İlkin olaraq bir avtobusda yeni nəsil cihaz-validatorlar quraşdırılıb. Validatorlarla təmassız ödəniş imkanına malik olan istənilən bank kart ilə ödəniş etmək mümkündür. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır.

"Bundan başqa, yerli banklardan birinin təqdim etdiyi “İnkart” da var. Əgər bank kartınızda pul yoxdursa, “İnkart”ı avtobus dayanacağındakı terminalda doldurmaq mümkündür. Kartı alan zaman 2 manat ödənilir və bunun 1 manatı avtomatik karta yüklənir. Əhali əməkhaqqı, pensiya kartı ilə də ödənişi edə bilər. Oktyabr ayının sonuna qədər Naxçıvan şəhərindəki bütün avtobuslarda "İnkart"ın tam tətbiqi ilə bağlı işlər həyata keçiriləcək. "İnkart”ın daha bir üstünlüyü mobil tədbiqin mövcud olmasıdır. Mobil tətbiqə daxil olaraq balansınızı rahatlıqla artıra, ödəniş tarixçəsini izləyə bilərsiniz. Layihənin məqsədi nağdsız hesablaşmaların, təmassız kart əməliyyatlarının sayının artırılması, nağd dövriyyənin minimuma endirilməsidir", - E. Əliyev bildirib.

Bundan başqa, idarə rəisi qeyd edib ki, bu layihənin növbəti mərhələdə taksilərdə tətbiq edilməsi nəzərdə tutulub: "Bunun üçün əvvəl sürücülərlə söhbət aparılmalı, qarşılıqlı anlaşma əsasında, heç bir narazılıq olmadan layihə icra edilməlidir. Taksilərdə ödənişin nağdsız həyata keçirilməsi istənilən bank kartı ilə mümkün olacaq".

Gələcəkdə ictimai nəqliyyatda bank kartları və NFC texnologiyalarından istifadə etməklə ödəniş tətbiq ediləcək.

Beləliklə, statistik göstəricilər Naxçıvanda bank sektorunun önəmli inkişaf yolu keçdiyini göstərir. Eyni zamanda pandemiyanın yaratdığı yeni paradiqmalar rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin nə qədər mühüm əhəmiyyətə malik olduğunu göstərib. Dəyişən geosiyasi vəziyyət, yaranan yeni fürsətlər, sahibkarlığın inkişafı üçün atılan addımlar bank sektorunun da bu yeniliklərə uyğun fəaliyyətini tənzimləməsini, formalaşdırmasını zəruri edir.