"Moody's" SOCAR-ın reytinqini investisiya səviyyəsinə yüksəldib
- 12 iyul, 2025
- 09:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq reytinq agentliyi "Moody's" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini investisiya səviyyəsinə qədər yüksəldib, uzunmüddətli emitent reytinqini "Baa3" səviyyəsində müəyyən edib.
"Report"-un məlumatına görə, bu barədə agentliyin şirkətlə bağlı yeni reytinq bəyanatında deyilir.
Reytinq üzrə proqnoz "pozitiv"dən "stabil"ə dəyişdirilib.
Agentlik şirkətin kredit ödəmə qabiliyyətinin baza qiymətləndirməsini “Ba2” səviyyəsində təsdiqləyib.
“Bugünkü reytinq Azərbaycanın kredit reytinqinin 4 iyul 2025-ci il tarixində müsbət proqnoz saxlanılmaqla “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəldilməsi ilə əlaqədardır. Bu, suveren reytinqə uyğundur və SOCAR-ın dövlətlə güclü kredit əlaqələrini, həmçinin şirkətin Azərbaycanın əməliyyat və makroiqtisadi mühitinə əhəmiyyətli dərəcədə məruz qalmasını əks etdirir. Reytinq tədbiri həmçinin dəyişkən neft və qaz bazarı mühitində şirkətin davamlı maliyyə göstəricilərini və yaxşı kredit keyfiyyətini nəzərə alır. Bundan əlavə, o, SOCAR-ın Azərbaycan hökuməti üçün strateji əhəmiyyətini və onun strateji və səhmdarlar tərəfindən qərarların qəbulu, investisiya xərclərinin idarə edilməsi və kapitalın bölüşdürülməsində güclü nizam-intizamını əks etdirir”, - məlumatda bildirilir.
“Moody's”dən qeyd edilib ki, “sabit” proqnoz onların SOCAR-ın suveren reytinqinin “Baa2” səviyyəsinə yüksəldilməsinin şirkətin kredit keyfiyyətinin, şəffaflığın artırılmasının, informasiyanın açıqlanmasının və qərarların qəbulunun proqnozlaşdırıla bilən olmasının müəyyən qədər yaxşılaşması olmadan müsbət reytinq hərəkətinə başlanması üçün kifayət etməyəcəyinə dair fikirlərini əks etdirir.
“Suveren reytinqin yüksəldilməsi son qeyri-müəyyənliklər və neft qiymətlərinin dəyişkənliyi şəraitində makroiqtisadi sabitliyi təmin etmək qabiliyyəti ilə nümayiş etdirilən institusional effektivliyin gücləndirilməsini əks etdirir. Tənzimləmə sahəsində islahatların davam etdirilməsi bank sektorunun dayanıqlığını artırıb, büdcənin neft və qaz gəlirlərindən asılılığının azaldılması üzrə davamlı öhdəlik isə onun davamlılığını gücləndirir. Azərbaycan həmçinin iqtisadiyyatının şaxələndirilməsində irəliləyiş əldə edib, bunun perspektivləri nəqliyyat sektorunun sürətli inkişafı ilə dəstəklənib. Nəticədə SOCAR-ın əməliyyat və makroiqtisadi mühiti yaxşılaşıb, dövlətin lazım gəldikdə şirkətə dəstək vermək üçün maliyyə imkanları isə güclənib ki, bu da onun kredit reputasiyasına müsbət təsir edib”, - agentlikdən vurğulanıb.