“Moody's”: Azərbaycanda əlverişli iqtisadi vəziyyət "Bank Respublika"nın aktivlərinin keyfiyyətini dəstəkləyəcək
- 09 iyul, 2025
- 18:55
Yeniliklərdən dərhal xəbərdar olun!
“Moody’s” beynəlxalq reytinq agentliyi “Bank Respublika” ASC-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “B1” səviyyəsindən “Ba3” səviyyəsinə yüksəldib, reytinq üzrə proqnoz “müsbət”dən “sabit”ə dəyişdirilib.
“Report” xəbər verir ki, bu barədə agentliyin bankla bağlı yaydığı yeni reytinq hesabatında qeyd olunub.
Agentlik, həmçinin bankın baza kredit qiymətləndirməsini (BCA) və düzəliş edilmiş BCA-nı “b2” səviyyəsindən “b1” səviyyəsinə yüksəldib. Uzunmüddətli kontragent risk reytinqləri (CRR) “Ba3” səviyyəsindən “Ba2” səviyyəsinə, kontragent risk qiymətləndirmələri (CR Assessment) isə “Ba3(cr)” səviyyəsindən “Ba2(cr)” səviyyəsinə qaldırılıb. Qısamüddətli depozit reytinqləri və CR qiymətləndirmələri isə “Not Prime” (NP) səviyyəsində təsdiqlənib.
Agentlik qeyd edir ki, BCA-nın yüksəldilməsi bankın maliyyə göstəricilərində, xüsusilə aktivlərin keyfiyyəti, mənfəətlilik və kapital adekvatlığı sahələrində müşahidə olunan davamlı yaxşılaşmalarla bağlıdır.
Uzunmüddətli depozit reytinqlərinin artırılması isə Azərbaycan hökumətindən (“Baa3”, “müsbət”) gələcək dəstək ehtimalının bir pilləlik əlavə təsirini əks etdirir. "Bu, bankın 2024-cü ilin sonuna aktivlər üzrə 4,4 % olan əhəmiyyətli bazar payını nəzərə alaraq, dəstək alma ehtimalının mülayim olması barədə fərziyyəmizə əsaslanır", - hesabatda deyilir.
“Bank Respublika”nın problemli kreditlərinin həcmi 2024-cü ilin sonuna ümumi kredit portfelinin 1,2 %-nə enib (2023-cü ildə 1,4 % olub). Problemli kreditlərin örtülmə səviyyəsi təxminən 140 % təşkil edir. Agentlik Azərbaycandakı əlverişli iqtisadi vəziyyət və bankın yaxşı diversifikasiya edilmiş kredit portfeli sayəsində aktivlərin keyfiyyətinin qorunacağını gözləyir.
Bankın kiçik və orta biznes, eləcə də pərakəndə seqmentə yönəlmiş fəaliyyəti onun mənfəətliyini gücləndirib. 2023-cü ildə 39 milyon manat olan xalis mənfəət 2024-cü ildə 51 milyon manata çatıb. Bu da aktivlərin 2,4 %-lik gəlirliliyinə uyğundur. Agentliyin gözləntilərinə görə, mənfəətlilik növbəti 12–18 ay ərzində bu səviyyədə sabit qalacaq.
2024-cü ilin sonuna bankın riskə çəkilmiş aktivlərə nisbətdə maddi kapital göstəricisi (TCE/RWA) 9,4 % (2023-cü ildə 8,3 %) olub. Bu göstəricinin 2025-ci ildə 10 %-ə yüksələcəyi proqnozlaşdırılır. Artımı kapitalın daxili generasiyası və kredit portfelinin daha mülayim artım tempi dəstəkləyəcək.
Bu il martın 31-nə bankın ümumi kapital adekvatlığı əmsalı (CAR) 14,07 %, birinci dərəcəli kapital əmsalı isə 9,55 % təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 12,55 % və 8,97 % idi.
Bankın öhdəliklərinin təxminən 70 %-i müştəri depozitlərindən ibarətdir. Lakin bu depozitlər hələ də yüksək konsentrasiyaya malikdir.
"Moody’s" qeyd edir ki, bank maliyyələşmə bazasını şaxələndirmək istiqamətində fəal işləyir və potensial depozit axınlarına qarşı hazırlıqlıdır. Bankın topdan fondlaşdırılması əsasən beynəlxalq inkişaf institutları və xarici investorlar tərəfindən həyata keçirilir və bu mənbələr maddi aktivlərin 20–30 %-ni təşkil edir. Bu fondların sabitliyi və orta səviyyədə yenidən maliyyələşmə riski ilə müşayiət olunduğu vurğulanır.
Bundan başqa, bankın likvidlik buferi 20 %-dən yuxarı səviyyədə qorunur və bu da onun maliyyə dayanıqlığını artırır.
“Bank Respublika”nın uzunmüddətli depozit reytinqləri üzrə “sabit” proqnoz "Moody’s"in bankın növbəti 12–18 ay ərzində dayanıqlı fundamental göstəricilərini sabit saxlayacağına dair gözləntilərini əks etdirir.
Agentlik bildirir ki, kapital adekvatlığı göstəricilərinin əhəmiyyətli və davamlı yaxşılaşması və ya Azərbaycanda əməliyyat mühitinin daha da yaxşılaşması bankın BCA və depozit reytinqlərinin artmasına səbəb ola bilər. Əksinə, aktivlərin keyfiyyəti, kapitallaşma və ya likvidlik sahələrində zəifləmə, habelə əməliyyat mühitinin pisləşməsi reytinqə mənfi təsir göstərə və onun azaldılması ilə nəticələnə bilər.