“Moody's” Azərbaycan iqtisadiyyatının islahatları və şaxələndirilməsi fonunda ABB-nin müsbət transformasiyasını qeyd edir
- 09 iyul, 2025
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “Ba2” səviyyəsindən “Ba1” səviyyəsinə yüksəldib, proqnozu isə “müsbət”dən “sabit”ə dəyişib.
“Report” xəbər verir ki, bu barədə agentliyin bankla bağlı yaydığı yeni reytinq hesabatında bildirilir.
Bununla yanaşı, bankın baza kredit qiymətləndirməsi (BCA) və düzəliş edilmiş BCA “ba3” səviyyəsindən “ba2” səviyyəsinə, uzunmüddətli kontragent reytinqləri (CRR) “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə, uzunmüddətli kontragent risk qiymətləndirməsi (“CR Assessment”) isə “Ba1(cr)” səviyyəsindən “Baa3(cr)” səviyyəsinə qaldırılıb.
Hər iki valyutada qısamüddətli depozit reytinqləri “Not Prime” (NP) səviyyəsində təsdiqlənib, qısamüddətli CRR və “CR Assessment” reytinqləri isə NP/NP (cr)-dən P3/P3 (cr)-ə yüksəldilib.
Agentlik ABB-nin BCA göstəricisinin yüksəldilməsini bankın mənfəətliliyinin davamlı yaxşılaşması, yüksək aktiv keyfiyyəti, güclü kapital mövqeyi, əhəmiyyətli likvidlik səviyyəsi və bazar maliyyələşməsindən aşağı asılılığı ilə əsaslandırıb.
“ABB ölkənin ən böyük bankı olaraq Azərbaycandakı əlverişli əməliyyat mühitindən faydalanır. Hökumətin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş səyləri də bu prosesi dəstəkləyir. Bu, bank üçün biznes imkanlarının genişlənməsi, aktiv keyfiyyətinin və mənfəətliliyin sabitliyi baxımından müsbət təsir göstərir”, - deyə hesabatda qeyd olunub.
Uzunmüddətli depozit reytinqlərinin yüksəldilməsi bankın BCA səviyyəsinin artması ilə yanaşı, dövlət dəstəyi ehtimalının yüksək qiymətləndirilməsi ilə də bağlıdır. ABB dövlətə məxsus olmaqla yanaşı, ölkənin kredit və depozit bazarında böyük paya sahibdir ki, bu da reytinqlərin bir pillə artırılmasına imkan yaradır.
2023-cü ildə ABB-nin aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və 2024-cü ildə sabit qalıb. Problemli kreditlərin payı 2022-ci ildə 4,6 % olduğu halda, 2024-cü ilin sonuna bu göstərici 3,5 %-ə düşüb.
"Moody’s" qeyd edir ki, aktiv keyfiyyəti sabit iqtisadi mühit və kredit portfelinin daha yaxşı diversifikasiyası - xüsusilə istehlak və ipoteka kreditləri hesabına -dəstəklənəcək:
"Bankın mənfəətliliyi də son illər ərzində yaxşılaşıb. Gözləntilərə görə, bu tendensiya növbəti 12–18 ay ərzində davam edəcək. Bu, əsasən ABB-nin daha yüksək gəlirlilik təqdim edən pərakəndə sektora - hazırda kredit portfelinin 50 %-ni təşkil edir - fokuslanması ilə əlaqədardır. Faiz gəliri gətirən aktivlərin payının artması fonunda bankın xalis faiz marjası 2024-cü ildə 5,2 %-ə yüksəlib (2023-cü ildə 4,9 %, 2022-ci ildə isə 3,9 % olub).
2024-cü ildə bankın maddi aktivlərinin rentabelliyi 2,6 % təşkil edib. Bu göstərici 2022-ci ildə 2,1 % idi və proqnozlara görə, sabit qalacaq".
Agentlik ABB-nin güclü kapitallaşmasını onun kredit profilinin əsas dayağı kimi qiymətləndirir. Maddi əsas kapitalın riskə çəkilmiş aktivlərə (TCE/RWA) nisbətinin növbəti 12–18 ay ərzində 20 %-dən yüksək səviyyədə qalacağı gözlənilir.
Hesabata görə, bankın maliyyələşmə bazası da sabit olaraq qalır. Müştəri depozitləri 2024-cü ilin sonuna ümumi öhdəliklərin 91 %-ni təşkil edib. ABB-nin beynəlxalq maliyyə bazarlarına qayıtmasına baxmayaraq, bazar maliyyələşməsi yaxın perspektivdə bankın maddi aktivlərinin 10 %-dən az hissəsini əhatə edəcək. Likvidlik göstəriciləri də güclüdür - maddi aktivlərin 30-40 %-i əsasən nağd vəsaitlərdən, Mərkəzi Bankdakı ehtiyatlardan, ABŞ xəzinə kağızlarından və dövlətlə bağlı istiqrazlardan ibarətdir.
Ümumiyyətlə, “Moody's” bankın növbəti 12-18 ay ərzində güclü maliyyə göstəricilərini qoruyacağını gözləyir.
"Moody’s" qeyd edir ki, aktivlərin keyfiyyətinin və mənfəətliliyin davamlı yaxşılaşması, eləcə də ölkədə əməliyyat mühitinin daha da güclənməsi gələcəkdə ABB-nin BCA göstəricisi və depozit reytinqlərinin yenidən yüksəldilməsinə səbəb ola bilər.
"Əksinə, bankın maliyyə göstəricilərində, xüsusilə aktivlərin keyfiyyətində və mənfəətlilikdə ciddi pisləşmə və ya dövlət dəstəyi ehtimalının azalması reytinqlərin aşağı salınmasına gətirib çıxara bilər", - hesabatda deyilir.