“Moody's” 2025-2026-cı illərdə SOCAR üçün sabit mənfəət və pul axını gözləyir
- 12 iyul, 2025
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-2026-cı illərdə sabit mənfəət səviyyəsini və nağd pul vəsaitləri yaratmaq qabiliyyətini qoruyub saxlaması gözlənilir.
“Report”un məlumatına görə, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin SOCAR ilə bağlı yeni reytinq bəyanatında deyilir.
“Moody's”in qiymətləndirməsinə görə, SOCAR-ın likvidliyi yüksək səviyyədədir.
Qeyd olunur ki, 2024-cü ilin sonuna SOCAR-ın nağd pul və depozitlərinin qalığı 13,1 milyard manat təşkil edib. 2025-2026-cı illərdə nağd pulun həcminin təxminən 2,3 milyard manat səviyyəsində olacağı gözlənilir. 2025-ci ildə cəlb edilmiş təxminən 5,9 milyard manatlıq yeni borc qarşıdakı borc ödənişlərini - 2025-ci ildə təxminən 15 milyard manat və 2026-cı ildə 2,2 milyard manat məbləğində ödənişləri qarşılamalıdır.
“SOCAR-ın kredit qabiliyyəti həm də onun Azərbaycanın neft-qaz sektorundakı əsas rolunu və milli iqtisadiyyat üçün əhəmiyyətini, eləcə də əhəmiyyətli ehtiyatlar toplayan və lazım gəldikdə şirkətə maliyyə dəstəyi göstərə bilən Azərbaycan hökuməti ilə sıx əlaqələrini əks etdirir”, - “Moody’s” qeyd edir.
Agentlik həmçinin proqnozlaşdırılan neft qiymətlərinin 2025-ci ildə bir barel üçün təxminən 67 ABŞ dolları və 2026-cı ildə bir barel üçün 65 dollar olacağını nəzərə alaraq, SOCAR-ın ümumi borc yükü səviyyəsinin (ümumi levericinin) növbəti 18 ay ərzində 3 dəfədən aşağı qalacağını gözləyir.
Mövcud kredit imkanının xalis borca nisbəti əmsalı (RCF/net debt) da 2025-2026-cı illərdə sağlam səviyyədə - təxminən 30 % həddində qalacaq, lakin əvvəlki illərdən aşağı olacaq.
SOCAR-ın borc-kapitallaşma əmsalı tədricən yaxşılaşmağa davam edəcək və 2022-2024-cü illərdə 35 %, 2019-2021-ci illərdə isə 40 %-dən çox olan bu göstərici 2026-cı ildə təxminən 25 % təşkil edəcək.