"MJ Finance" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 30 sentyabr, 2026
- 16:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 19-da"Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Finance" ASC bank olmayan kredit təşkilatının (BOKT) 6 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 2 milyon manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. İstiqrazlara abunə yazılışı 2-16 oktyabrda həyata keçiriləcək. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin əsas anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC, anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.