Nazir: "Sənayeləşmə və yüksək əlavə dəyərli xidmətlər iqtisadiyyatın hərəkətverici qüvvəsi olacaq"

Maliyyə
  • 17 iyun, 2026
  • 14:44
Nazir: Sənayeləşmə və yüksək əlavə dəyərli xidmətlər iqtisadiyyatın hərəkətverici qüvvəsi olacaq

Azərbaycan iqtisadiyyatının gələcək inkişafında sənayeləşmə və yüksək əlavə dəyər yaradan xidmət sahələri əsas rol oynayacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, hökumətin təşviq etdiyi sənayeləşmə siyasətinə özəl sektor tərəfindən böyük maraq göstərilir: "Uzunmüddətli perspektivdə sənaye istehsalı və yüksək əlavə dəyər yaradan xidmətlər iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən olacaq".

M. Cabbarov əlavə edib ki, 2007-ci ildə qəbul edilmiş xaricdə təhsil üzrə dövlət proqramı Azərbaycanın insan kapitalının inkişafında mühüm rol oynayıb: "Proqram nəticəsində minlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə edib. Bu gün həmin məzunlar dövlət və özəl sektorda, sahibkarlıq fəaliyyətində və siyasətin formalaşdırılmasında ölkənin inkişafına töhfə verirlər".