MFC-nin keçmiş rəhbəri: "Mikromaliyyələşmə yüksək gəlirli iqtisadiyyata keçidi dəstəkləyə bilər"

Maliyyə
  • 28 oktyabr, 2026
  • 11:11
MFC-nin keçmiş rəhbəri: Mikromaliyyələşmə yüksək gəlirli iqtisadiyyata keçidi dəstəkləyə bilər

Mikromaliyyələşmə Azərbaycanın yüksək gəlirli iqtisadiyyata keçidini dəstəkləyə bilər.

"Report" xəbər verir ki, bunu baş ofisi Polşanın paytaxtı Varşavada yerləşən, Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 140-dan çox təşkilatı birləşdirən Mikromaliyyə Mərkəzinin (MFC) keçmiş İcraçı Direktoru Qjeqoj Qalusek "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

"Mikromaliyyələşmənin və inklüziv maliyyənin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolu, bu sahədə əməkdaşlığımız, uyğunlaşma və iqtisadi artımın necə dəstəklənə biləcəyi ilə bağlı müzakirələrin aparıldığı indiki vəziyyət tamamilə fərqlidir. Əgər o zaman institutların və daxili sabitliyin necə qurulmasından danışılırdısa, bu gün artıq söhbət davamlı inkişafdan, iqtisadi artımın davam etdirilməsindən və innovasiyalara yol açılmasından gedir. Düşünürəm ki, bu, müşahidə etdiyim inanılmaz dəyişikliklərdən biridir. Əgər həmin dövrdə postsovet tipli aşağı gəlirli mühitdən keçidin nəticələri ilə mübarizə aparılırdısa, bu gün Azərbaycanın yuxarı-orta gəlirli iqtisadiyyata keçidinə dəstək vermək, hətta mikromaliyyələşmənin ölkənin yüksək gəlirli iqtisadiyyata keçidinə necə töhfə verə biləcəyini müzakirə etmək böyük uğurun göstəricisidir", - deyə o qeyd edib.