Mərkəzi Bank maliyyə sektorunun “ekologiyalaşdırılması” strategiyası hazırlayır
- 03 oktyabr, 2022
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişikliyinin maliyyə sektoruna təsirini qəbul edən Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunun “ekologiyalaşdırılması” məqsədinə nail olmaq üçün strategiya hazırlayır.
“Report” Dünya Bankının araşdırmasına istinadən xəbər verir ki, AMB-nin strategiyası ölkənin 2030-cu ilə qədər iqtisadi inkişaf baxışına uyğun olaraq maliyyənin davamlı inkişafının ümumi hədəflərini müəyyən edəcək.
Dünya Bankının məlumatına əsasən, bu, maliyyə sektorunda, o cümlədən bank, sığorta və kapital bazarında davamlı maliyyələşdirmə prinsiplərinin tətbiqi, məhsul və xidmətlərin inkişafı imkanları, həmçinin vasitəçiliyin yaxşılaşdırılması üzrə fəaliyyət planlarını əhatə edəcək.
“Həm dövlət, həm də özəl sektorda maraqlı tərəflərlə qarşılıqlı əlaqəyə böyük diqqət ayrılacaq. 2022-ci ilin fevralında AMB inkişaf etməkdə olan bazarlarda maliyyə sektoru tənzimləyiciləri və sənaye assosiasiyaları üçün davamlı maliyyə sahəsində biliklərin bölüşdürülməsi və potensialın artırılması platforması olan Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin üzvü olub”, - DB qeyd edir.
Qeyd edək ki, bu şəbəkənin 47 ölkədən olan 70 üzvü var.
Dünya Bankı hesab edir ki, kommersiya maliyyə institutları ilə yanaşı, Azərbaycanda maliyyəyə çıxışı dəstəkləmək üçün böyük dövlət proqramları var: “Bu proqramlar iqlim və ətraf mühit hədəfləri ilə uyğunlaşdırıla bilər. Bu proqramları Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu və Kənd Təsərrüfatı Kredit və İnkişaf Agentliyi də həyata keçirə bilər”.
Dünya Bankının araşdırmasında qeyd olunub ki, meydana gələn prioritetlər üzrə qurumlararası koordinasiya BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” çərçivəsində milli öhdəliklərin yerinə yetirilməsi üçün çox vacibdir.