“McKinsey”: Azərbaycanın kapital bazarı qısamüddətli perspektivdə 7-10 dəfə artırılmalıdır

Maliyyə
  • 23 may, 2025
  • 12:41
“McKinsey”: Azərbaycanın kapital bazarı qısamüddətli perspektivdə 7-10 dəfə artırılmalıdır

Kapital bazarı mürəkkəb ekosistemdir və Azərbaycanda onun hərtərəfli inkişafı üçün təkcə emitentlərin olması kifayət deyil, həm də geniş institusional investorlar bazası formalaşdırılmalı, eləcə də müxtəlif maliyyə alətlərinə çıxış təmin edilməlidir.

“Report” xəbər verir ki, bunu “McKinsey & Company” konsaltinq şirkətinin tərəfdaşı İlya Arxipov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, kapital bazarı bütün iştirakçıların cəlb olunduğu bütöv bir sistem kimi fəaliyyət göstərir.

"Bizdə emitentlər var - dövlət, iri şirkətlər, eləcə də kiçik və orta biznes (KOB). Məsələn, Avropa ölkələrində və ABŞ-də kiçik və orta biznes fəal şəkildə istiqrazlar yerləşdirir. Lakin bu bazar öz-özlüyündə digər əsas elementlər, xüsusilə də institusional və pərakəndə investorlar olmadan inkişaf edə bilməz. Azərbaycanda bu istiqamətdə hələ çox iş görülməlidir", - İ.Arxipov qeyd edib.

O vurğulayıb ki, kapital qoyuluşlarının tam fəaliyyət göstərməsi üçün ekosistemin bütün komponentləri - səhmlər, borc kağızları, derivativlər, alternativ alətlər, ticarət platformaları, vasitəçilər, idarəedici şirkətlər və birjalar yetkin, tarazlaşdırılmış olmalı və bir-birini qarşılıqlı dəstəkləməli, likvidlik və ticarət həcmini təmin etməlidir.

"Müəyyən müsbət irəliləyişlərə baxmayaraq, bazar hələ də lazımi templə inkişaf etmir. Əgər digər inkişaf etməkdə olan ölkələrlə və ya regional liderlərlə - Özbəkistan, Gürcüstan və Qazaxıstanla müqayisə etsək, aydın olur ki, Azərbaycan nəzərəçarpacaq dərəcədə geri qalır. Söhbət nominal həcmlərdən deyil, bazarın dərinliyindən, kapitallaşmanın ÜDM-ə nisbətindən gedir. Bu göstəricilərə görə Azərbaycan Honkonqdan 100 dəfə, CAR-dan 40 dəfə, Özbəkistan və Gürcüstandan təxminən iki dəfə, Qazaxıstandan isə yeddi dəfə geri qalır", - o vurğulayıb.

İ.Arxipov əlavə edib ki, müqayisə edilə bilən iqtisadi, sənaye və institusional inkişaf səviyyəsində məhz Azərbaycanın kapital bazarı əhəmiyyətli dərəcədə geridədir.

"Real artıma nail olmaq üçün Azərbaycan bazarın bütün əsas elementlərini ətraflı təhlil etməli və onun həcminin dəfələrlə - ən azı iki dəfə, ideal halda isə qısamüddətli perspektivdə 7-10 dəfə artırılması üçün şərait yaratmağa diqqət yetirməlidir. Problem emissiyaların sayında deyil, kapitallaşmadadır. Bazarda kifayət qədər investor yoxdur. Məsələn, Gürcüstanda 28, Azərbaycanda isə təxminən 37 şirkətin səhmləri satılır. Lakin aktivlik səviyyəsinə görə Azərbaycandakı bazar əhəmiyyətli dərəcədə geri qalır. Kimin sərmayə qoyduğuna nəzər saldıqda, aydın olur ki, investorlar və likvidlik çatışmır. Azərbaycanda pərakəndə investorlar Pakistanla müqayisədə beş dəfə (nisbi ifadədə), Misirlə müqayisədə 30 dəfə, CAR-la müqayisədə isə 50 dəfə azdır", - o bildirib.

Ekspertin fikrincə, kapital qoyuluşları inkişaf etmiş ölkələrin əsas fərqi institusional investorların payının yüksək olmasıdır.

"Azərbaycanda belə oyunçular son dərəcə azdır. Məhz institusional investorlar etimadı formalaşdırır, likvidlik yaradır, sabitliyi təmin edir və pərakəndə investorların axını üçün aparıcı rol oynayır. Bundan əlavə, ölkə mövcud bazar alətlərinin spektrini genişləndirməlidir. Xüsusilə derivativlər əhəmiyyət kəsb edir - onlar riskləri sığortalamağa imkan verir, sabitliyi təmin edir və əsas aktivlərə investisiyaları daha cəlbedici edir. Gürcüstanda artıq özəl birbaşa investisiya fondları fəaliyyət göstərir, Qazaxıstanda isə derivativlər bazarı inkişaf edib. Azərbaycanda belə alətlər yenicə meydana çıxmağa başlayır: "yaşıl istiqrazlar" buraxılıb, özəl fondlar yaradılır. Lakin bu istiqamətləri inkişaf etdirmək üçün əvvəlcə əsas bazarda - səhm və istiqraz bazarında likvidlik təmin edilməlidir", - İ.Arxipov qeyd edib.

44 filmi