Maliyyə Nazirliyinin "Rəqəmsal Maliyyə Mərkəzi"nin statusu müəyyən edilib

Maliyyə
  • 01 dekabr, 2025
  • 16:59
Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzinin statusu müəyyən edilib

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nazirliyə məxsus "Rəqəmsal Maliyyə Mərkəzi" MMC siyahıya daxil edilib.

Xatırladaq ki, "Rəqəmsal Maliyyə Mərkəzi" 2005-ci ildən fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi"nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 min manatdır.

Maliyyə Nazirliyi bəyan edib ki, qərar dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional strukturun formalaşdırılması məqsədi daşıyır.

Qeyd olunan dəyişikliklər ölkə Prezidentinin "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 2025-ci il 25 avqust tarixli fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində həyata keçirilir. Həmin fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər daxilolmalar nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid platformada daha səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin yaradılması tapşırılıb. Bu istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Qərarla "Məlumat Hesablama Mərkəzi"nin institusional statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də rəsmiləşdirilir və Mərkəz bundan sonra "Rəqəmsal Maliyyə Mərkəzi" adı altında fəaliyyət göstərəcək. Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli təşkil edilməsi, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi, eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.

Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın artırılmasına mühüm töhfə verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti