Maliyyə naziri: "Büdcə xərcləri üzrə dayanıqlı mənbələrin payı artır"
- 19 noyabr, 2025
- 12:35
Azərbaycanın dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşımızda duran əsas hədəflərdən biridir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsi¬rinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur. Növbəti il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddi 19 % proqnozlaşdırılır ki, bu da cari ilə nəzərən 3,4 faiz bəndi az olmaqla, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ildə bu nisbətin 13 %-ə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin mövcud 30 % səviyyəsində saxlanılması nəzərdə tutulur. Qeyd olunan hədəflər uzunmüddətli fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədlərinə xidmət etməklə, ölkəmizin qarşısında duran inkişaf gündəliyinin icrası üçün əlverişli platforma yaradacaq", - deyə o qeyd edib.