"KollektA" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 04 sentyabr, 2026
  • 17:12
KollektA maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC 2025-ci ili 2,908 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 363,5 dəfə çoxdur.

Ötən il "KollektA"nın vergiyəqədərki mənfəəti 3,689 milyon manat (əvvəlki ilə nisbətən 335,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 781 min manat (260,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "KollektA"nın aktivləri 9,66 milyon manat olub ki, bu da illik müqayisədə 37 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26,8 dəfə artaraq 6,743 milyon manata, balans kapitalı isə 324 dəfə 2,916 milyon manata çatıb.

Xatırladaq ki, "KollektA" 2024-cü ildə yaradılıb. Onun səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.