ITFC-nin Baş İcraçı direktoru: "Dayanıqlı ticarət inklüziv maliyyə ekosistemləri tələb edir"

Maliyyə
  • 17 iyun, 2026
  • 09:56
ITFC-nin Baş İcraçı direktoru: Dayanıqlı ticarət inklüziv maliyyə ekosistemləri tələb edir

Davamlı ticarətin genişləndirilməsi stabil, inklüziv və inkişafa istiqamətlənmiş maliyyə ekosistemlərinə ehtiyac yaradır.

"Report" məlumat verir ki, bu fikirləri Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) Baş İcraçı direktoru Adeeb Alaama Bakı şəhərində təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində keçirilən "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda səsləndirib.

Onun sözlərinə görə, məhz bu sahədə İslam maliyyəsi böyük strateji əhəmiyyət daşıyır: "Onun risklərin bölüşdürülməsi, aktivlərlə təminat, etik maliyyə və sosial həmrəylik kimi təməl prinsipləri KOB-ları dəstəkləmək, infrastruktura investisiya qoymaq, məhsuldar sektorları, dayanıqlı təchizat zəncirlərini və transsərhəd ticarət və iqtisadi əməkdaşlığı maliyyələşdirmək üçün güclü alətlər təqdim edir".

O qeyd edib ki, Azərbaycanda İslam maliyyəsinin genişlənməsi ətrafında yaranan dinamikadan olduqca ruhlanırlar: "Bu gün Azərbaycanda İslam maliyyəsinin perspektivlərinə dair hesabatın təqdimatı əhəmiyyətli dönüş nöqtəsini ifadə edir və ölkənin İslam maliyyəsinə getdikcə artan marağını, onun daha geniş iqtisadi yüksəlişə, davamlı rifaha və Azərbaycanın İslam maliyyəsi məkanındakı strateji roluna potensial töhfəsini nümayiş etdirir. Bir çox cəhətdən bu, İSDB Qrupunun regional inteqrasiyanı gücləndirmək, İƏT daxili əməkdaşlığı dərinləşdirmək və daha böyük kollektiv dayanıqlılıq və ortaq rifaha doğru yol kimi Cənub-Cənub iqtisadi əlaqəni artırmaq üzrə daha geniş arzusu ilə yaxından uzlaşır".