ITFC indiyə qədər ​92 milyard dollar vəsait ayrılmasını təsdiqləyib

Maliyyə
  • 07 may, 2026
  • 12:00
ITFC indiyə qədər ​92 milyard dollar vəsait ayrılmasını təsdiqləyib

İndiyə qədər Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ​92,1 milyard ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib, bunun isə 78 milyard ABŞ dollarını maliyyələşdirib.

"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun Özəl Sektor Yol Xəritəsi (Roadshow) ​"Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində ITFC-nin Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hocamurad Hocayev bildirib.

Onun sözlərinə görə, üzv ölkələrdən gələn mandata əsasən, təsdiqlənmiş məbləğin 60 %-i beynəlxalq və regional bazarlardan cəlb edilmiş vəsaitlər hesabına formalaşıb: "Sindikasiyalarımızda iştirak edən regional çoxtərəfli inkişaf bankları, regional maliyyə institutları və kommersiya bankları şəklində 100-dən çox tərəfdaşımız var. Bu sindikasiyalar adətən böyük layihəli müştərilərimiz üçün təşkil edilir, ərzaq və enerji təhlükəsizliyi hədəflərini, özəl sektorun dəstəklənməsini əhatə edir. Təkcə ötən il 9,3 milyard ABŞ dolları məbləğində təsdiqləmə etmişik və bunun 7,5 milyard dolları artıq ödənilib. O cümlədən, ​6,4 milyard ABŞ dolları enerji təhlükəsizliyi hədəflərini dəstəkləməyə, ​1,5 milyard ABŞ dolları qida və kənd təsərrüfatı sektoruna ayrılıb, qalan 1,2 - 1,3 milyard ABŞ dolları isə özəl sektoru, xüsusən də KOB-ları dəstəkləmək üçün nəzərdə tutulub. "2025-ci ildə ayrılmış maliyyə vəsaitinin 32 %-i Ən Az İnkişaf Etmiş Üzv Ölkələri (LDMC) dəstəkləmək üçün ayrılıb".

"2008-ci ildən etibarən maliyyələşməmizin təxminən yarısı - 44 milyard ABŞ dolları İqtisadi Əməkdaşlıq Təşkilatının daxilində ticarətin dəstəklənməsinə, yəni 57 üzv ölkə arasındakı ticarət axınına (idxal/ixrac əməliyyatlarına) ayrılıb. Qurulduğumuz gündən bəri regional və beynəlxalq bazarlardan 50 milyard ABŞ dollarına yaxın vəsait cəlb etmişik. ​İstifadə etdiyimiz məhsullara maliyyələşdirilən tərəf qismində Murabaha, Salam, İstisna və Təchizat Zənciri, maliyyələşdirilməyən tərəf qismində isə akreditivlərin (LC) təsdiqi və sığorta aiddir. Bizim əməliyyatlarımız tələb əsaslıdır. Böyük layihələr (dövlət sektoru və ya suveren zəmanətli maliyyələşdirmə) üçün biz milli inkişaf hədəflərini dəstəkləmək məqsədilə hökumətlərdən sorğular alırıq".