IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır

Maliyyə
  • 16 iyun, 2026
  • 09:59
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənardadır

İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişafdan kənarda qalıb.

"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.

"Bu gün müzakirə etdiyimiz mövzu xüsusi diqqət tələb edir. Hazırda 57 üzv ölkəmizdə tarixin ən böyük gənc nəsli yaşayır. Bu, yük deyil, əksinə, düzgün dəyərləndirilməli olan böyük potensialdır. Biz gənclərin transformasiya gücündən istifadə etməli, ölkələrimizin gələcəyinə daha nikbin baxmaq üçün şərait yaratmalıyıq. Lakin əvvəlcə bəzi rəqəmlərə nəzər salaq. Dünyada hər beş gəncdən biri nə təhsil alır, nə işləyir, nə də hər hansı təlim proqramında iştirak edir. Üzv ölkələrimizdə bu göstərici iqtisadi inkişaf prosesindən kənarda qalan təxminən 150 milyon insan deməkdir. Onlar cəmiyyətə töhfə vermək imkanından məhrumdurlar və bu, ciddi narahatlıq doğurmalıdır", - deyə o qeyd edib.

Bununla belə, regional menecerin sözlərinə görə, üzv ölkələr üzrə mənzərə fərqlidir: "Ərəb ölkələrində gənclər arasında işsizlik səviyyəsi 28 %-ə çatır ki, bu da dünyada ən yüksək göstəricidir. Cənubi Asiyada hər dörd gəncdən biri təhsildən və əmək bazarından kənarda qalıb, bu vəziyyətdən isə xüsusilə gənc qadınlar əziyyət çəkirlər. Sub-Sahara Afrikasında gənclərin 3/4-ü qeyri-sabit iş yerlərində çalışır. Proqnozlara görə, 2050-ci ilə qədər dünyadakı hər 3 gəncdən biri afrikalı olacaq. Bu, gələcəkdə hökumətlərin və beynəlxalq ictimaiyyətin qarşılaşacağı çağırışların miqyasını aydın şəkildə göstərir. Mərkəzi Asiya və Qafqazda gənclər arasında işsizlik səviyyəsi təxminən 14 % təşkil edir. Şərqi Avropanın bəzi bölgələrində isə hər dörd gəncdən yalnız biri məşğulluq imkanına malikdir. Bunlar problemin nə qədər böyük olduğunu göstərir".

İ.Dia həmçinin deyib ki, gənclərin potensialını reallaşdırmaq üçün maneələr aradan qaldırılmalıdır: "Bu nəsil tarixin ən savadlı, rəqəmsal baxımdan ən çox əlaqə qurmuş və ən sahibkar nəslidir. Bugünkü gənclər, mənim nəslim də daxil olmaqla, əvvəlki nəsillərin təsəvvür belə edə bilmədiyi informasiya və texnologiyalara çıxış imkanına malikdirlər. Səhv etmirəmsə, mən ilk dəfə 1994-cü ildə internetdən istifadə etmişdim. Bu gün isə internetə çıxış demək olar ki, hər kəs üçün adi və zəruri reallığa çevrilib. Müasir gənclər ənənəvi maneələri asanlıqla aşır. Onlar məqsədyönlüdür, yaşadıqları icmalara və ölkələrinin inkişafına töhfə vermək istəyirlər. Buna görə də əsas problem gənclər arasında istedad və yaxud ambisiya çatışmazlığı deyil. Əsas məsələ onların potensialını tam reallaşdırmasına və ölkələrinin iqtisadi inkişafında daha fəal iştirakına mane olan sədlərin aradan qaldırılmasıdır".

44 - Tezliklə