“İpək Yolu Sığorta”nın xalis mənfəəti 2 dəfədən çox artıb
- 31 mart, 2021
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“İpək Yolu Sığorta” ASC 2020-ci ili 1,964 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,2 dəfə çoxdur.
Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 22,076 milyon manat (illik müqayisədə 43,7% az), xərcləri 19,621 milyon manat (48,5 % az), mənfəət vergisi ödəmələri isə 491 min manat (2,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 30,235 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 57,1 % və yaxud 2,3 dəfə azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 dəfə azalaraq 12,659 milyon manata, balans kapitalı isə 22,8 % azalaraq 17,576 milyon manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 38,74 %-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74 %-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05 %-i "Silk Way Airlines" şirkətinə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.