“İpək Yolu Sığorta”nın xalis mənfəəti 2 dəfə azalıb
- 30 mart, 2022
- 05:29
Yeniliklərdən dərhal xəbərdar olun!
“İpək Yolu Sığorta” ASC 2021-ci ili 971 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə təxminən 2 dəfə azdır.
Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 20,067 milyon manat (əvvəlki ilə nisbətən 9,1% az), xərcləri 18,853 milyon manat (3,9% az), mənfəət vergisi ödəmələri isə 243 min manat (50,6% az) təşkil edib.
Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 23,87 milyon manat olub ki, bu da illik müqayisədə 21,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 43,7% azalaraq 7,132 milyon manata, balans kapitalı isə 4,8% azalaraq 16,738 milyon manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.