İnvestisiya şirkətinin rəhbəri: "Səhm bazarında şaxələndirmə yoxdur"
- 20 noyabr, 2025
- 14:36
Azərbaycanın səhm bazarında şaxələndirmə yoxdur, çünki dövriyyənin 95 %-i dövlətə məxsus bankın payına düşür.
"Report" xəbər verir ki, bunu ölkənin investisiya şirkətlərindən birinin icraçı direktoru Nadir Babazadə Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə bildirib.
Onun sözlərinə görə, bu qədər böyük pay emitent üçün müsbət göstərici olsa da, bazarın sağlam inkişafı baxımından arzuolunan hal deyil: "Bazarda diversifikasiyanın zəif olması investorların riskləri idarə etməsini çətinləşdirir. Hər hansı alətin qiyməti aşağ düşəndə investorun alternativi olmur. Bu zaman vəsait kapital bazarından çıxaraq yenidən bank depozitlərinə yönəlir. Biz bunu istəmirik. Vəziyyətin yaxşılaşması üçün daha çox emitentin və yeni investisiya alətlərinin bazara daxil olması zəruridir. Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni qanunvericilik paketi qəbul edildikdən sonra bazarın inkişafına müsbət təsir göstərəcək".
Bundan başqa, icraçı direktor deyib ki, inkişaf etmiş ölkələrdə ictimaiyyət daha çox kapital bazarına dair xəbərləri izləyir: "Məsələn, həmin ölkələrdə səhm bazarında qiymətlərin necə dəyişməsi əsas xəbərlərdən biridir. Bankların kredit cəlb etməsi elə də maraqlı deyil. Azərbaycanda da bu yanaşmanın formalaşdırılması çox vacibdir".
Onun sözlərinə görə, kapital bazarına marağı artırmaq üçün həm maarifləndirmə işləri aparılmalı, həm maliyyə alətlərinin sayı artırılmalı, həm də bazara çıxış asanlaşdırılmalıdır.