"İnvestisiya səyahəti” layihəsi özünü doğruldurmu?
- 17 iyul, 2023
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 ilə yaxındır ki, "İnvestisiya səyahəti” layihəsinə start verib.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi ölkənin regionlarında maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir.
İndiyə qədər “İnvestisiya səyahəti” Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran və Göyçay şəhərlərində təşkil olunub. Bəs bu layihə özünü doğruldurmi? Ortada konkret nəticələr varmı? "Report" mövzunu layihənin tərəfdaşları ilə müzakirə edib.
Onlardan biri - “Azfinance İnvestisiya Şirkəti" QSC-nin Müştəri xidmətləri departamentinin rəhbəri Ayaz Sultanov bildirir ki, regionlarda yaşayan sahibkarların kapital bazarı barədə məlumatları yox dərəcəsindədir. Odur ki, bu kimi layihələrin özünü doğrultması üçün uzun müddət lazımdır və onların sayı artırılmalıdır.
"Bu cür tədbirlərdə iş adamları AMB, KOBİA, BFB və investisiya şirkətlərinin fəaliyyəti ilə yaxındır tanış olur ki, bunun özü də böyük bir üstünlükdür. “İnvestisiya səyahəti” layihəsinin ideyasını biz vermişik, daim bu prosesi izləyirik, çalışırıq ki, regionlarda keçirilən bütün maarifləndirici tədbirlərdə iştirak edək. Biz mütəmadi olaraq bölgələrdəki iş adamlarının hansısa maliyyə dəstəyi əldə etməsini, onların kapital bazara girişini müzakirə edirdik, bu sahənin inkişafı üçün təqdimatlar aparırdıq. Problem odur ki, regionlarda olan sahibkarların bu sahədən məlumatları yox dərəcəsindədir. Odur ki, maarifləndirici tədbirlərdə iş adamları mövzunu tam başa düşmədilər və cəmi bir görüş hər şeydən xəbərdar olmaq üçün bəs etmir. Bir rayona bir neçə dəfə səyahət olunmalıdır.
Ümumiyyətlə isə, tədbirlər zamanı regionlardakı sahibkarlara kapital bazarında əldə edə biləcəkləri imkanlar izah edilir. Yay aylarında havaların isti keçməsi ilə bağlı müəyyən durğunluq ola bilər, amma düşünürəm ki, payız aylarından etibarən yenidən bu sahədə aktivlk olacaq. Bu tip tədbirlər mütəmadi keçirilməlidir ki, insanlar bundan faydalanmanın yollarını öyrənə bilsinlər. Bu səbəbdən görüşlərin sayı mütləq artırılmalıdır və gələcəkdə də regionlarda yaşayan həm investorlar, həm də sahibkarlıq subyektləri kapital bazarına girə biləcəklər”.
BFB-dən isə bildirilib ki, hər “İnvestisiya səyahəti”ndə bazar barədə olan anlayışların artması, yeni sualların yaranması bariz şəkildə görünür: “Bazarla bağlı məlumatlılığın hər ötən gün artdığını “İnvestisiya səyahəti”ndə görə bilərik. Sadəcə paytaxtda deyil, regionlarda da kapital bazarında iştirak etmə potensialı olan şirkətlər var. Bu şirkətlərin kapital bazarına gəlməsi üçün marifləndirmə tədbirlərinə ehtiyac var.
Ümumilikdə bu cür “İnvestisiya səyahətləri”ndə regionlarda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları, BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılır. Bu tədbirlərin keçirilməsində məqsəd qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması, biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsidir. Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilir, onların maliyyələşmə imkanları dəyərləndirilir".
AMB-dən isə bildirilib ki, ölkəfə kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir: “Bazarın inkişafı ilə bağlı müəyyən edilmiş hədəflərdən biri də kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu istiqamətdə kapital bazarı iştirakçıları KOBİA ilə birgə intensiv maarifləndirmə tədbirləri təşkil edilir, o cümlədən “İnvestisiya səyahəti” tədbiri həyata keçirilir. Tədbirin əsas məqsədi regionlarda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin kapital bazarına dair maliyyə savadlığının artırılması və onların kapital bazarından maliyyələşmə təşəbbüslərinin təşviq edilməsidir. İndiyə qədər layihə çərçivəsəndə 8 tədbir həyata keçirilib. Gələcəkdə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlərin keçirilməsi davam etdiriləcək. Bununla yanaşı kapital bazarında peşəkarlıq və məlumatlılığın formalaşdırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları, BFB, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və investisiya şirkətlərinin iştirakı ilə mütəmadi olaraq fərqli formatlarda maarifləndirmə tədbirləri təşkil edilir. Sahibkarlıq subyektlərinin kapital bazarından maliyyələşməsinin və bazara çıxış imkanlarının artırılması xüsusi diqqət mərkəzində saxlanılır. Bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə Qiymətli Kağızların Emissiyası Sistemi yaradılıb, 2 dekabr 2022-ci il tarixindən istifadəyə verilib. Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı AMB, Milli Depozit Mərkəzi və BFB emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsini təmin edib”.