“Legion Financial”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
- 24 iyul, 2025
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 550 min manatlıq faizli, sənədsiz, adlı səhmlərin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 5 500 ədəd səhmdən gedir. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 15,1 % artaraq 3,65 milyon manatdan 4,2 milyon manata çatacaq.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.