"International" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 06 noyabr, 2024
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.