ING: "Bu il Azərbaycan iqtisadiyyatı 1,9 % artacaq"

Maliyyə
  • 11 avqust, 2023
  • 13:13
ING: Bu il Azərbaycan iqtisadiyyatı 1,9 % artacaq

Niderlandın "ING Group"u 2023-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,9 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda deyilir.

Bildirilib ki, iqtisadi artım 2023-cü ilin üçüncü rübündə 3,2 %, dördüncü rübündə isə 3,4 % səviyyəsində olacağı gözlənilir.

Hesabata əsasən, 2024-cü ilin birinci rübündə ÜDM artımı 4 %, il ərzində isə 2,5 % proqnozlaşdırılır. 2025-ci ildə isə iqtisadi artım proqnozu 2,7 % səviyyəsində nəzərdə tutulub.

Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə ÜDM artımı 1,8 % səviyyəsində gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM istehsalının 3 % artacağını proqnozlaşdırır. IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını gözləyir. Dünya Bankının proqnozlarına görə, 2023-cü ildə ÜDM-nin artım tempi 2,2 %, 2024-cü ildə 2,5 %, 2025-ci ildə isə 2,6 % təşkil edəcəyi gözlənilir.

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ÜDM-in 3,5 %, gələn il isə 3,8 % çox olacağını proqnozlaşdırır.

2022-ci ildə Azərbaycanda iqtisadi artım 4,6 %, bu ilin yanvar-iyul aylarında - 0,7 % təşkil edib.