ING Azərbaycanda 2026-cı ilədək orta illik inflyasiya proqnozunu açıqlayıb
- 11 avqust, 2023
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın "ING Group"u Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ilin üçüncü rübündə birrəqəmli olacaqını proqnozlaşdırır.
“Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, 2023-cü ilin ikinci rübündə orta illik inflyasiya 11,6 % olduğu halda üçüncü rübdə 9,2 %, dördüncü rübdə isə 5,2 % səviyyəsində gözlənilir. İl ərzində isə istehlak qiymətlərinin artımı 10 % səviyyəsində gözlənilir.
Hesabata əsasən, 2024-cü ilin birinci rübündə orta illik inflyasiya 6,7 %, il ərzində isə 6 % səviyyəsində proqnozlaşdırılır. 2025-ci ildə isə Azərbaycanda istehlak qiymətlərin artımı 5,6 % səviyyəsində gözlənilir.
Azərbaycan hökuməti bu il üçün orta illik inflyasiya proqnozunu 6,9 %-dən 10,4 %-dək artırıb.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 11,3 %, gələn il - 8 %, 2028-ci ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə, 2023-2025-ci illərdə Azərbaycanda orta illik inflyasiya azalacaq: 2023-cü ildə 8,5 %, 2024-cü ildə 6,2 %, 2025-ci ildə 5,4 % təşkil edəcək.
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda istehlak qiymətlərinin artımını 7 %, gələn il isə 6,5 % səviyyəsində olacağını proqnozlaşdırır.
Ötən il Azərbaycanda inflyasiya 13,9 %, bu ilin yanvar-iyul aylarında isə 12,2 % təşkil edib.