ING: Azərbaycan neftin bahalaşmasından faydalanan əsas MDB ölkəsidir
- 17 aprel, 2026
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın ən böyük bank qrupu olan "ING Group"un "Brent" markalı neftin 1 bareli üçün baza ssenarisi 2026-cı ildə 89 ABŞ dolları, 2027-ci ildə isə 77 ABŞ dolları təşkil edir, lakin əlverişsiz ssenarilərə əsasən, müvafiq olaraq 121 ABŞ dolları və 97 ABŞ dollarına qədər artım mümkündür.
"Report" ING-yə istinadən xəbər verir ki, məhz enerji resurslarının ixracatçıları bundan maksimum fayda əldə edir.
Qlobal neft qiymətlərinə dair proqnozların yüksəldilməsi qrupdan 4 MDB ölkəsi (Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan) üzrə gözləntilərin korreksiyasını tələb edib.
"Azərbaycan və Qazaxıstan əsas fayda əldə edən ölkələrdir. Bizim həssaslıq qiymətləndirmələrimizə görə, yeni baza ssenarisi çərçivəsində ən çox faydalanan ölkə Azərbaycandır: onun cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 8-9 %-nə, büdcə profisiti isə ÜDM-in 4-4,5 %-nə çata bilər. Qazaxıstanın maliyyə qazancı dividend axını və suveren fondun investisiya gəlirinin azalması ilə məhdudlaşa bilər. Lakin 2026-cı ildə konsolidə edilmiş büdcə balansı qorunub saxlanılmaqla cari əməliyyatlar hesabının kəsiri demək olar ki, iki dəfə - ÜDM-in 2-2,5 %-nə qədər azalmalıdır", - ING-nin analitikləri hesab edirlər.
Onların fikrincə, xammal idxalçıları üçün şərait daha az əlverişlidir. 2026-cı ildə Ermənistanın cari əməliyyatlar hesabının kəsirinin ÜDM-in 9 %-nə qədər artacağı, büdcə kəsirinin isə ÜDM-in 3-4 %-ni təşkil edəcəyi gözlənilir.
ING-nin qızıl qiymətləri üzrə baza ssenarisi hələlik dəyişməz qalır, lakin əlverişsiz ssenari çərçivəsində onun ucuzlaşması riski var. Özbəkistan ixrac həcmləri hesabına qiymət dəyişkənliyini yumşaltmaq imkanına malikdir. 2025-ci ildə ölkə təxminən 85 ton qızıl ixrac edib, lakin daha əvvəl ixrac həcmlərini müvəqqəti olaraq ildə 120 tona qədər artırmaq qabiliyyəti də nümayiş etdirib (2023-cü ildə olduğu kimi).
"Bu o deməkdir ki, 2026-cı ildə qızılın bir unsiyasının orta qiyməti təxminən 2 200 ABŞ dolları təşkil etsə belə (bu, 2025-ci ilin orta göstəricisindən təxminən 35 % aşağıdır), Özbəkistan fiziki tədarük həcmlərini artırmaqla qızıl ixracından illik gəlirini 10 milyard ABŞ dolları səviyyəsində saxlaya biləcək", - ING qeyd edir.
Ərzaq qiymətlərinin artımının məhdud xarakterini nəzərə alaraq, ING MDB-4 ölkələrinin əksəriyyəti üçün CPI (istehlak qiymətləri indeksi) proqnozlarını cüzi (təxminən 0,5 faiz bəndi) yüksəldib, əsas təsir yalnız 2027-ci ilədək özünü göstərəcək.
"Buna baxmayaraq, potensial ikinci dərəcəli effektlər Mərkəzi banklar tərəfindən daha ehtiyatlı yanaşma tələb edir. Martda bu 4 ölkənin Mərkəzi bankları pul-kredit siyasətinə münasibətdə ritorikanı sərtləşdirib. Biz hələ də 2026-2027-ci illərdə faiz dərəcələrinin artırılmasını gözləmirik, lakin MDB-də onların azaldılması üçün imkanlar məhdudlaşıb", - ekspertlər hesab edir.
Analitiklərin fikrincə, xammal qiymətlərinin yenidən qiymətləndirilməsi istisna olmaqla, regionun investisiya cəlbediciliyi üçün struktur amillər həlledici əhəmiyyətini qoruyur. Daxili və xarici siyasət, dövlətin rolu, sektorların şaxələndirilməsi və institusional mühit ümumi çağırışlar olaraq qalmaqdadır.
"Qazaxıstan və Özbəkistan davamlı büdcə intizamı və inflyasiyaya daha sərt nəzarət hesabına portfel investisiyalarının axınını dəstəkləyə bilər. Azərbaycan daha açıq kapital hərəkəti hesabından faydalanacaq. Ermənistan üçün isə regionda daha təhlükəsiz və proqnozlaşdırıla bilən xarici siyasət mövqeyi zəruridir", - analitiklər vurğulayır.
Ekspertlər qeyd edirlər ki, MDB-nin maliyyə aktivlərini hazırda təzyiq altında olan inkişaf etmiş bazarlara birbaşa alternativ kimi nəzərdən keçirmək mübaliğə olardı. Lakin taktiki olaraq onlar yüksək gəlirlilik axtarışında olan investorların və əlverişli şərtlərlə maliyyə cəlb etməyə çalışan yerli emitentlərin (əsasən suveren və kvazisuveren, bu yaxınlarda Özbəkistanda olduğu kimi) maraqlarına cavab verə bilər.