IMF: "Azərbaycanın qeyri-neft ÜDM-də ortamüddətli illik artım 2,5 % olacaq"

Maliyyə
  • 23 dekabr, 2021
  • 18:26
IMF: Azərbaycanın qeyri-neft ÜDM-də ortamüddətli illik artım 2,5 % olacaq

Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun pandemiyanın təsirlərindən xilas olması ilə yenidən böyüyəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.

Məlumatda, həmçinin deyilir ki, qeyri-neft ümumi daxili məhsulunda (ÜDM) ortamüddətli illik artım 2,5% olacaq, bu il isə 3,5% təşkil edəcək.

Ölkədə karbohidrogen hasilatının sabit qalacağı gözlənilir, çünki artan təbii qaz hasilatı köhnəlmiş neft yataqlarının məhsuldarlığının azalmasını kompensasiya edəcək.

İnflyasiyanın ortamüddətli dövrdə orta hesabla 3% olacağı, bu il 4%-ə yüksələcəyi gözlənilir.

Neft qiymətlərinin bərpası və təbii qaz ixracının artması cari əməliyyatlar balansını ortamüddətli dövrdə profisitli edəcək, bu il isə ÜDM-in təxminən 2,5 %-i nisbətində profisitə qaytaracaq. Görünüşdə yüksək dərəcədə qeyri-müəyyənlik var, risklər geniş şəkildə balanslaşdırılıb.

IMF, həmçinin bəyan edib ki, koronavirusun (COVID-19) daha təhlükəli ştamlarının yayılması və yaxud vaksinasiya prosesinin yavaşlaması iqtisadiyyatın yenidən böyüməsini gecikdirə bilər. Qlobal tələbatın gözləniləndən daha gec bərpası neft sektoru üçün də risk yaradacaq. Bundan başqa, gözləniləndən daha sürətli qlobal bərpa neft və qaz qiymətlərini yüksəldə, gəlirləri artıra, fiskal və xarici tarazlığı gücləndirə bilər.

Neft ehtiyatlarının tədricən tükənməsi fonunda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsi, Azərbaycanın iqtisadi perspektivlərinin gücləndirilməsi üçün sürətləndirilmiş struktur islahatlarına ehtiyac var.

44 - Tezliklə