IMF Azərbaycana iri banklar üzərində nəzarəti gücləndirməyi tövsiyə edir

Maliyyə
  • 07 fevral, 2024
  • 16:46
IMF Azərbaycana iri banklar üzərində nəzarəti gücləndirməyi tövsiyə edir

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycana hər bir dominant bankın bazar payını diqqətlə izləməyi və onların bazar payının hər hansı əhəmiyyətli artımına nəzarət etməyi tövsiyə edir.

“Report” xəbər verir ki, bu barədə Valyuta Fondunun “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.

“Konsentrasiyanın yüksək səviyyələri hallarında böhranın və ya iqtisadi tənəzzülün konqlomeratlara və bütövlükdə maliyyə sisteminə potensial təsirini qiymətləndirmək üçün stress-testlər aparılmalıdır, çünki konsentrasiyanın artması sistem risklərini gücləndirə bilər”, - IMF-dən qeyd ediblər.

IMF xüsusilə borcalanlar üçün maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə alternativ kanalların qiymətləndirilməsini və rəqabətin artırılmasını təklif edir. Məsələn, açıq bankçılıq və “fintech” platformaları kimi rəqəmsal maliyyə xidmətləri borcalanların ehtiyaclarına uyğunlaşdırılmış müxtəlif maliyyə məhsulları və xidmətlərinə çıxışı asanlaşdıra bilər.

“Bu platformalar daha əsaslı kredit qərarları qəbul edə bilən zəngin istehlak krediti məlumatlarını emal edərək kreditləşmədə inqilab etmək üçün böyük məlumat analitikasından istifadə edir. Rəqəmsal maliyyə xidmətləri həmçinin real vaxt rejimində borcalanların kredit qabiliyyətini qiymətləndirmək üçün süni intellekt və maşın təlimlərindən getdikcə daha çox istifadə edir. Bu texnologiyalar dəqiq və aktual kredit reytinqləri yarada və kredit qiymətləndirməsini dəstəkləyə bilərlər. Onlayn platformalar və ticarət meydançaları da borcalanlara müxtəlif bank məhsullarını, o cümlədən kreditləri müqayisə etməyə imkan verməklə rəqabəti təşviq edə bilər”, - fonddan vurğulayıblar.

IMF iqtisadçılarının fikrincə, ən vacibi bank sektorunun tənzimlənməsində daha aktiv yanaşmaya keçmək və iri banklara riskə əsaslanan və konsolidasiya edilmiş nəzarətin tətbiqini sürətləndirməkdir. Bank sektorunun tənzimlənməsinə daha fəal yanaşma və iri banklara riskə əsaslanan və konsolidasiya edilmiş nəzarətin tətbiqi iri banklardakı zəif nöqtələri erkən mərhələdə aşkar etməyə kömək edəcək ki, bu da maliyyə böhranlarının qarşısının alınması üçün vaxtında tədbirlərin görülməsinə, sistemli böhranların yumşaldılmasına, daha səmərəli fəaliyyət göstərilməsinə və rəqabət üçün daha əlverişli mühit yaradılmasına imkan verəcək.

“Maliyyə sektoru iqtisadi artımın və diversifikasiyanın dəstəklənməsində daha böyük rol oynamalıdır. Bank sektorundakı son irəliləyişlərə baxmayaraq, maliyyə sektoru analoji iqtisadiyyatlarla müqayisədə iqtisadiyyatı dəstəkləmək məsələsində məhdud rol oynayır. Ölkədə hələ də bir neçə konqlomerat dominantlıq edir, maliyyə inklüzivliyi isə aşağı səviyyədədir. Son illərdə faiz dərəcəsi spredləri artan əməliyyat xərcləri və mənfəət marjası səbəbindən genişlənib. Amma maliyyə bazarlarının dərinləşməsi özündə institutların, bazar infrastrukturunun və normativ-hüquqi bazanın inkişafı və gücləndirilməsinin mərhələli prosesini əhatə edəcək. Bu kontekstdə IMF əməkdaşları maliyyə sektorunun iqtisadiyyatdakı rolunun səlahiyyətli orqanlar tərəfindən hərtərəfli qiymətləndirilməsini, o cümlədən bank sektorunda yüksək əməliyyat xərcləri kimi səmərəsiz xərclərin müəyyən edilməsini və onların aradan qaldırılmasını gözləyir və rəqabəti stimullaşdırmaq və xüsusilə də kiçik və orta müəssilər üçün maliyyə inklüzivliyini artırmaq məqsədilə açıq bankçılıq və maliyyə texnologiyası kimi rəqəmsal maliyyə xidmətlərinin inkişafını dəstəkləyir”, - hesabatda deyilir.

Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir. Ölkənin üç ən böyük bankı sırasına Azərbaycan Beynəlxalq Bankı (2023-cü ilin sonuna aktivləri 13 milyard 668,242 milyon manat), "Kapital Bank" (8 milyard 659,618 milyon manat) və "PAŞA Bank" (8 milyard 651,371 milyon manat) daxildir. İlk “5-lik”də həmçinin "Xalq Bank" (3 milyard 082,548 milyon manat) və “Bank Respublika” (2 milyard 130,976 milyon manat) da yer alıb.

44 - Tezliklə