IMF: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla ildə 2,35 % artacaq

Maliyyə
  • 14 aprel, 2026
  • 17:20
IMF: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla ildə 2,35 % artacaq

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın ÜDM-nin artımını 2026-cı ildə 2,2 %, 2027-ci ildə isə 2,5 % olaraq proqnozlaşdırır.

"Report" IMF-nin aprel ayı üzrə "Dünya iqtisadiyyatının perspektivləri" hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üçün proqnoz 0,1 faiz bəndi yaxşılaşdırılıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.

Beləliklə, fondun qiymətləndirmələrinə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 % təşkil edəcək.

IMF tərəfindən Yaxın Şərq və Mərkəzi Asiyada artım templərinin 2025-ci ildəki 3,6 %-dən 2026-cı ildə 1,9 %-ə qədər yavaşlaması və ardınca 2027-ci ildə 4,6 %-ə qədər bərpa olunması proqnozlaşdırılır, çünki region münaqişənin (ABŞ və İsrail ilə İran arasında - red.) birbaşa təsirinə məruz qalır və sonrakı yüksəlişi gözləyir.

Öz növbəsində, Qafqaz və Mərkəzi Asiya subregionunda 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % artım gözlənilir.

"Xammal ixrac edən və münaqişədən birbaşa təsirlənən ölkələr üçün istehsal və ixracın azalması 2026-cı il üzrə ÜDM artım proqnozlarının əhəmiyyətli dərəcədə aşağı salınmasına gətirib çıxarır. Bu, enerji və nəqliyyat infrastrukturuna dəymiş ziyanın dərəcəsindən, həmçinin Hörmüz boğazından asılılıqdan və alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır", - hesabatda bildirilib.

IMF Qafqaz və Mərkəzi Asiya subregionunda müsbət impulsun qorunub saxlanıldığını qeyd edir: "Bu ölkələr qrupu üçün 2026–2027-ci illər üzrə ümumi artım proqnozu 0,3 faiz bəndi artırılıb".

Proqnozlara görə, 2028-2031-ci illərdə dünya iqtisadiyyatı ildə orta hesabla 3,1 % artacaq. Bu göstəricilər 2000–2019-cu illəri əhatə edən pandemiyadan əvvəlki dövrün tarixi orta səviyyəsi ilə müqayisədə sabit şəkildə zəif qalır; həmin dövrdə orta illik artım 3,7 % təşkil edib. Belə dinamika ilk növbədə Çində artım templərinin yavaşlamasını əks etdirir. Bununla belə, orta illik artımın bir sıra digər iri iqtisadiyyatlarda da yavaşlayacağı gözlənilir: Asiya ölkələrində, Yaxın Şərq və Mərkəzi Asiyada, Saxaranın cənub ölkələrində, Şimali Amerikada və Avropada.

Fondun fevral proqnozlarına əsasən, 2028-2031-ci illərdə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 2,5 % artacaq.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ÜDM-in artımını 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 % səviyyəsində proqnozlaşdırır, Mərkəzi Bank isə ölkə iqtisadiyyatının cari ildə 2,4 %, gələn il isə 2,9 % səviyyəsində artacağını gözləyir.

Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri fərqlənir: "S&P Global" 2026-cı ildə 2 % səviyyəsində artım gözləyir, "Fitch Ratings" - 2,5 %, "Moody`s" - 2,5 %. Asiya İnkişaf Bankı Azərbaycanın ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.

Niderlandın ən böyük bank qrupu "ING Group" Azərbaycan iqtisadiyyatının artımını 2026-cı ildə 2,5 % və 2027-ci ildə 3 % səviyyəsində, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2026-cı ildə - müvafiq olaraq 2 % və 2,5 % proqnozlaşdırır.

Dünya Bankının proqnozlarına görə, Azərbaycanın ÜDM-nin artım tempi 2026-cı ildə 2 %, 2027-ci ildə - 1,8 % təşkil edəcək.

BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 %, 2027-ci ildə - 2,6 % təşkil edəcək.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.