IDB "Amazonia Siempre" proqramına investisiyaları 5 milyard dollaradək artırıb
- 20 may, 2026
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Inter-American Development Bank" (IDB) "Amazonia Siempre" proqramına investisiyaların həcmini demək olar ki, beş dəfə - 2023-cü ildəki 1 milyard dollardan 2025-ci ildə təxminən 5 milyard dollaradək artırıb.
"Report" xəbər verir ki, bu barədə IDB nümayəndəsi Xuan Pablo Bonilya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, müxtəlif kredit mexanizmləri vasitəsilə artıq 1,6 milyard dollardan çox vəsait cəlb edilib, təşəbbüsün koordinasiyasını isə 180-ə yaxın təşkilat təmin edir.
O vurğulayıb ki, hazırda Amazoniyada 60 milyona yaxın insan yaşayır ki, onların da 70 %-dən çoxu şəhərlərdə məskunlaşıb, bu səbəbdən şəhər infrastrukturuna investisiya yatırılmadan və yaşayış məntəqələrinin dayanıqlılığı artırılmadan regionun dayanıqlı inkişafı qeyri-mümkündür.
IDB nümayəndəsi bildirib ki, 2024-cü ildə bankın özəl sektorla iş üzrə bölməsi olan "IDB Invest" regiona əlavə investisiyaların cəlb edilməsi məqsədilə biznes üçün xüsusi "Amazonia Forever" yol xəritəsini hazırlayıb.
X.Bonilyanın sözlərinə görə, meşələrin qırılması, qeyri-bərabərlik və qanunsuz fəaliyyətlərin birləşməsi səbəbindən Amazoniya kritik nöqtəyə yaxınlaşır.
O, həmçinin bildirib ki, "Amazonia Siempre" proqramı maliyyələşdirmənin genişləndirilməsində və Amazoniya ölkələri arasında koordinasiyanın gücləndirilməsində artıq mühüm rol oynayıb.
Proqram meşələrin qırılmasına qarşı mübarizəni, bioiqtisadiyyat və kreativ iqtisadiyyatın, dayanıqlı şəhərlərin, infrastrukturun, rəqəmsal inteqrasiyanın, dayanıqlı kənd təsərrüfatı və heyvandarlığın inkişafını özündə ehtiva edən kompleks yanaşmanı nəzərdə tutur.