ICD: Sukuk Azərbaycan şirkətlərinə genişlənmə üçün digər bazarlara çıxmağa kömək edəcək
- 07 oktyabr, 2025
- 16:28

Sukuk Azərbaycan şirkətlərinə genişlənmə və eyni zamanda vəsait cəlb etmək üçün digər bazarlara çıxmağa kömək edəcək.
"Report" xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Bank departamentinin birbaşa maliyyələşdirmə şöbəsinin eksperti Samir Nadir Tağıyev Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər" mövzusunda panel müzakirəsində bildirib.
O qeyd edib ki, Körfəz ölkələri investisiya üçün inkişaf etməkdə olan bazarlar axtarırlar: "Biz Özbəkistana, Azərbaycana və Qazaxıstana böyük tələbin olduğunu görürük. Azərbaycanda sukuk buraxılması haqqında qanun olmadığı üçün ənənəvi istiqrazlara üz tutmaq məcburiyyətində qalırlar. Hərçənd ki, Körfəz ölkələrin bazarlarına çıxaraq investisiya cəlb etmək istəyinlər kifayət qədərdir".
ICD rəsmisinin sözlərinə görə, Azərbaycanda şirkətlərin "Bakı Fond Birjası" QSC-də ənənəvi istiqrazlar buraxmasında böyük bir tendensiya görünür: "Dövlət və özəl şirkətlər, xüsusilə özəl banklar istiqrazlar buraxır. Buna görə də alternativ maliyyələşdirmə kimi sukuk olması onlara kömək edəcək. Məsələn, onlar sukuklarını ala biləcək digər qlobal investorları cəlb edə bilərlər. Bu, yaxşı tanınan bir məhsuldur. Buna görə də mən bu prosesi fəal şəkildə dəstəkləyirəm. Bu, ölkə daxilində, yerli valyuta, eləcə də möhkəm valyuta üçün böyük imkanlar açacaq".