ICD rəsmisi: "Böyük layihələri maliyyələşdirməyə üstünlük veririr"

Maliyyə
  • 15 may, 2026
  • 15:08
ICD rəsmisi: Böyük layihələri maliyyələşdirməyə üstünlük veririr

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) böyük layihələri maliyyələşdirməyə üstünlük verir.

Bunu "Report"a açıqlamasında qurumun Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi Korporasiyanın müxtəlif layihələrə ayırdığı vəsait azı 10 milyon ABŞ dolları, orta hesabla isə 20-30 milyon ABŞ dolları təşkil edir: "Biz adətən hansısa layihədə yeganə investor kimi iştirak etmirik. Məsələn, layihənin dəyəri 200 milyon ABŞ dollarıdırsa, biz ora 20-30 milyon ABŞ dolları vəsait qoyuruq və digər tərəfdaşlarımızı (bankları) cəlb edərək – biz buna sindikasiya deyirik – qalan boşluğu doldururuq. Layihənin böyük olması bizim ölkədə iqtisadi inkişafa, iş yerlərinin açılmasına təsir imkanımızı artırır. Ona görə də böyük layihələri maliyyələşdirməyə üstünlük veririk".

ICD rəsmisi qeyd edib ki, qurum özəl sektorda şəriətə uyğun istənilən sahəyə investisiya qoymaqda maraqlıdır: "Təbii ki, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi ən prioritet istiqamətdir. Biz bunu yerli maliyyə institutlarına - kommersiya banklarına "İslam pəncərəsi" açmaqla edirik. Yəni, maliyyəmizi banklara yönəldirik, onlar da həmin pulu kiçik və orta sahibkarlara kredit kimi təqdim edirlər. ICD olaraq sənaye, kənd təsərrüfatı və xidmət sektorlarına investisiya qoyulmasına önəm veririk. Xüsusilə ixrac yönümlü şirkətlər banklara müraciət edirsə, onlara daha çox üstünlük veririk".

Onun sözlərinə görə, ICD həm də böyük korporasiyalara birbaşa investisiya qoyur: "Portfelimizdə artıq bir neçə şirkət var. Daima Azərbaycanda qida və kənd təsərrüfatı, eləcə də tibb sektorlarında aktiv olan şirkətləri maliyyələşdirmək üçün qiymətləndirmələr aparırıq. Biz həm də dövlət-özəl sektor tərəfdaşlığı (Private-Public Partnership – PPP) layihələrinə maraq göstəririk. Elə layihələr var ki, onları həm özəl, həm də dövlət sektoru icra etməlidir. Bundan başqa, alternativ enerji layihələrini nəzərdən keçiririk. Məsələn Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" MMC ilə birlikdə bir neçə layihəni müzakirə edirik. Hələ ki, real nəticələr yoxdur, amma bu da bizim prioritet istiqamətlərimizdən biridir".