Hurşid Rüstəmov: "Emissiyaların azaldılmasında kompleks transformasiya vacibdir"

Maliyyə
  • 28 oktyabr, 2026
  • 11:03
Hurşid Rüstəmov: Emissiyaların azaldılmasında kompleks transformasiya vacibdir

Ölkələr emissiyaların azaldılmasında seçilmiş layihələrin ardıcıllığı əvəzinə daha vahid, iqtisadiyyatın bütün sahələrini əhatə edən transformasiyaya doğru irəliləməlidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

O bildirib ki, bu məsələyə müxtəlif sektorlar üzrə daha vahid yanaşma ilə baxılmalıdır: "Bu, enerji sektorunda səmərəliliyin artırılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsini əhatə edir. Həmçinin kənd təsərrüfatı, qalıq yanacaqlar və tullantılar kimi müxtəlif sektorlardan metan emissiyalarının azaldılmasına ehtiyacımız var. Bundan əlavə, sənayeni daha "yaşıl istehsal" sistemlərinə keçirməli, nəqliyyat və binalara diqqət yetirməli, meşələrin qırılmasının qarşısını alaraq torpaq istifadəsini idarə etməliyik".

Onun sözlərinə görə, ölkələr emissiyaların azaldılması baxımından ambisiyalarını artırsalar da, bu, kifayət etmir: "Bu istiqamətdə müəyyən mənada ambisiya boşluğu mövcuddur. Digər tərəfdən siyasət və ya icra boşluğu mövcuddur. Bu ambisiyaların tam həyata keçirilməsini dəstəkləyən kifayət qədər siyasətləri yoxdur. Nəhayət, uzunmüddətli hədəflərin və strategiyaların yaxın müddətli, sektora yönəlmiş siyasətlərə, büdcə investisiyalarına və şəffaf izləmə mexanizmlərinə çevrilməsində etibarlılıq boşluğu mövcuddur".

BMT rəsmisi qeyd edib ki, əsas elementlərdən biri həmçinin qida sistemləri və xüsusilə maliyyə institutlarının və icra potensialının mövcudluğunun gücləndirilməsidir: "Qlobal ictimaiyyət tərəfindən daha vahid yanaşma təklif olunur. Qlobal səviyyədə nəticə olaraq demək olar ki, istiqamət yaxşılaşır, lakin sürət və miqyas kifayət deyil. Bu, indiyədək təqdimatın əsas mesajı olub. Prioritet emissiyaların sürətlə azaldılmasıdır. Biz emissiyaları azaltmalı və qlobal istiləşmə davam etdikcə adaptasiyaya diqqət yetirməliyik".