Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb

Maliyyə
  • 17 iyun, 2026
  • 16:50
Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb

Azərbaycanda rəqəmsal audit sisteminin yaradılması prioritetlər sırasındadır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının auditoru Hilal Hüseynov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Palatanın təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə deyib.

Auditorun sözlərinə görə, Hesablama Palatasının 2026-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı çərçivəsində ictimai audit informasiya sisteminin yaradılması, Big Data alətlərinin tətbiqi və rəqəmsal audit imkanlarının genişləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib: "Rəqəmsal transformasiya sahəsində dayanıqlı infrastrukturun formalaşdırılması dörd əsas istiqamətə söykənir: elektron imza, elektron hökumət, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi, eləcə də informasiya və kibertəhlükəsizlik. Azərbaycanda rəqəmsal transformasiyanın təməli 2004-cü ildə "Elektron imza və elektron sənəd haqqında" qanunun qəbul edilməsi ilə qoyulub. Sənədlərin hüquqi baxımdan kağız versiyalarına bərabər tutulması və onların elektron qaydada təsdiqlənməsi rəqəmsal inkişaf yolunun başlanğıcı olub".