Hesablama Palatası: Gələn il cari əməliyyatlar balansında profisit 4 milyard dollardan çox ola bilər
- 19 noyabr, 2024
- 06:21
Yeniliklərdən dərhal xəbərdar olun!
2025-ci il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları olmaqla 4 milyard 282,4 milyon ABŞ dolları proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, 2028-ci ildə neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları olmaqla cari əməliyyatlar hesabının profisiti 1 milyard 853,2 milyon ABŞ dollarına qədər azalacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin ötən gün keçirilmiş iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, cari əməliyyatlar balansının profisitli olması üçün neftin qiymətinin 40-45 ABŞ dolları olması bəs edir.
AMB bu il cari əməliyyatlar balansında profisitin il 5,3 milyard ABŞ dolları olacağını gözləyir.
2023-cü ildə cari əməliyyatlar balansında 8 milyard 329,4 milyon ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 11,5 %-i qədər profisit yaranıb.